"Tamaşaçı alternativ axtarışındadır. Bunu da internetdən tapırlar. Nəticədə dövlət siyasəti pərən-pərən düşür"
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistika televiziyalarımızın hazırkı mənzərəsini, proqram siyasətinin nəyin üzərində qurulduğunu ortaya qoyub.
Məlum olub ki, televiziyalarımızda hələ də analitik-informasiya və şou proqramlara üstünlük verilir. Yerli telekanallarda informasiya-analitik və musiqili-əyləncəli proqramların çəkisi böyükdür. Sosial çarxlar (cəmi 1,17 faiz), uşaq proqramları (1,10) ondan da az yer tutur. Mədəni-maarif janrında proqramlara da az yer (8 faiz) verilir. Reklam məzmunlu materiallar daha çoxdur nəinki sosial yönümlü proqramlar. Yəni, belə nəicəyə gəlmək olar ki, televiziyalarımızın gəliri şou proqramlar və reklamlardandır.
Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, efirimizdə sosial çarxlar və uşaq proqramlarının faizinn həddindən artıq aşağı olması kədərli haldır:
- Yetişməkdə olan nəsli bu şəkildə efirsiz qoymaq olmaz. Ümumi yerüstü efirimizdə uşaq proqramlarının çəkisi 25 faizə çatmalıdır. Uşaqlar bunu televiziya kanallarında tapmayanda internetdə axtarırlar. İnternetdə axtaranda isə ümumi milli əxlaqın formalaşmasına zərər dəyir. Bir var, mili dəyərlərə uyğun proqramlar hazırlanıb yayımlanır, ölkə əhalisi, o cümlədən də uşaqlar baxır, bir də var, efir boş qoyulub, tamaşaçı uyğun məzmun tapa bilmirlər və internetdə axtarış aparır. Bu da o deməkdir ki, kimin qabağına nə çıxdı, ağlı nə kəsdi ona baxacaq. Bu da millətin monolitliyinə zərərdir. Mən totalitarizm tərəfdarı deyiləm. Amma özəlliklə kiçik yaşlı uşaqların, obrazlı desək, totalitar düşüncə vasitəsiylə tərbiyə olunmasının tərəfdarıyam. Uşaqlar elə bir mühitə alışdırılmalıdır ki onlarda Vətən sevgisi, millətə, dövlətə bağlılıq formalaşsın. Biz efiri bu cür boş qoymuşuqsa, uşaq da uşaq verilişinə ehtiyac duyursa, hardan tapacaq bunu? Əlbəttə, savadlı, dünyagörüşlü, millətinə, dövlətinə, milli dəyərlərə bağlı valideyn uyğun məzmun tapacaq övladı üçün, onu izləməsini təmin edəcək. Amma savadı yetməyən, dünyagörüşü yetərli olmayan uşağın başını qatmaq üçün uyğunsuz məzmunlara baxmasına mane olmayacaq. Beləliklə ikitirəlik yaranır uşaqlar arasında. Ona görə də efiri uşaqlar üçün daha da zənginləşdirmək lazımdır. Sosial çarxlar çoxalmalıdır efirdə. Bu vacibdir, cəmiyyətin önəmli məsələlərinin həllinə töhfə verir. Musiqili, əyləncə verilişlərinə gəlincə, “dartma-yaxam cırıldı” verilişləri də əyləncə proqramı hesab edirlər, həqiqətən də intellektual əyləncə proqramlarını da. Maarifləndirici proqramların çəkisini artırmağa ehtiyac var. Televiziyalarımızı kökündən tənqid etməyin tərəfdarı deyiləm. Keyfiyyət dəyişikliyi var son illərdə, amma bu rəqəmlər və ayrıntılar mütəxəssislər tərəfindən təhlil edilməlidir və elə məzmun işlənib hazırlanmalıdır ki sadəcə uşaqlar deyil, bütün tamaşaçılar televiziya ekranına can atsınlar, baxmaq istəsinlər. Son illərdə televiziyaya baxanların sayı azalıb. Alternativ axtarışındadır tamaşaçı. Bunu da internetdən tapırlar. Nəticədə dövlət siyasəti pərən-pərən düşür. Hər ağızdan bir avaz gəlir. Xaricdə oturub söyüşlə danışanlar var. Kifayət qədər tamaşaçıları da var. Niyə, çünki telekanallarda arzu etdikləri məzmunu tapmırlar. Maraqlı deyillər söyüş, təhqir eşitməyə, sadəcə axtarış edirlər, bir dəfə baxı, iki dəfə baxır, beləcə asılılıq yaranır. Bunları nəzərə alaraq efirimizi ayaqda tutmaq üçün çox ciddi işlər görmək lazımdır.