"Dələduzlar, dəllallar insanların etibarından sui-istifadə edirlər. Dəfələrlə açıqlama verilib, bəyanat verilib, vətəndaşlara müraciət edilir ki, aldanmasınlar"
Mediada yayılan xəbərlərə görə, Qarabağ müharibəsinin döyüşçüsü, Milli qəhrəman, şəhid Yusif Mirzəyevin ailəsi dələduzluqla üzləşib. Belə bir xəbərlə qarşılaşanda, təbii ki təəssüflənir, şəhid, həm də Milli qəhrəman ailəsinin kimlərsə tərəfindən aldadılmasını, dolandırılmasını həzm edə bilmirik. Amma bəzən işin mahiyyəti bilindikdə təəssüf təəccüblə, hətta qınaqla əvəzlənir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin qızı Nurlana Mirzəyeva AFN.az-a açıqlama verərək bildirib ki, öz qohumu Muradova Mina Murad qızı tərəfindən aldadılıb. Nədə? Baxaq, maraqlıdır. N.Mirzəyeva deyib ki, qohumu M.Muradova ilə 2 il əvvəl təsadüfən toyda rastlaşıb. Bu qadın ona VTEK-də (Əlilliyin təyinatı üzrə həkim tibbi komissiyası) işlədiyini, pensiya, əlillik, müharibə veteranlarına və qəhrəmanlarına müxtəlif yardımlar göstərdiyini bildirib. N.Mirzəyeva isə həyat yoldaşının kəndindən olan bir nəfərin əlillik dərəcəsi kəsildiyindən şikayətlənmişdi və həmin şəxsi M.Muradova ilə əlaqələndirərək işin düzəlməsinə yardım etmək istəyib. M, Muradova özünə məxsus kart hesabını göndərərək 2000 AZN məbləğində ödəniş edilməsini istəyib, ödəniş edilib. Lakin “iş” düzəlməyib. 08.09.2024-cü il tarixdən bu günə kimi M. Muradova nə ödənişi geri qaytarır, nə də verdiyi sözü tutur. Sonradan N.Mirzəyevaya məlum olub ki, bu qadının dələduzluğunun qurbanına çevriliblər.
Belə yerdə deyilir, rüşvət verən də günahkardır, rüşvəti alan da. Niyə əlillik dərəcəsinin alınması və ya bərpası üçün rüşvət verilirdi ki, sonra da dələduzluğun qurbanına çevrilsinlər?!. Və indi də “Milli Qəhrəmanın ailəsi dələduzluqla üzləşib” başlıqlı xəbər paylaşırlar. Özünüz buna şərait yaratmısınız, indi təqsirkar axtarırsınız. İndiyədək hüquq-mühafizə orqanları buna bənzər nə qədər cinayət əməli aşkar edib. Kimlərsə işə düzəltmık adı altında pul alır, sonra da aradan çıxır. Milli Qəhrəman, şəhid ailəsinə isə ümumiyyətlə belə işlərdə iştirakçı olmaq yaraşmır.
Qarabağ müharibəsi döyüşçüsü, hərbi jurnalist, Əmək də Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlnda İctimai Şuranın üzvü Rey Kərimoğlu “Sherg.az”a açıqlamasında bldirdi ki əlilliyin təyinatı, bərpası pulla həll olunmur. Bu məsələlərə həkim-tibbi ekspertiza komissiyasında baxılır:
- Komissiya sənədlərə baxır, ciddi araşdırma aparılır, həqiqətən də şəxsin əlilliyini təsdiqləyən sənədlər varsa, əlillik təyin edirlir, yaxud da təkrar yoxlamadan sonra əlillik dərəcəsi bərpa edilir. Nazirlik, İctimai Şura üzvləri, mütəxəssislər dəfələrlə açıqlamalar verirlər ki, kiməsə pul verməyin, qanunsuz üsullara əl atmayın. Dələduzlar, dəllallar insanların etibarından sui-istifadə edirlər. Dəfələrlə açıqlama verilib, bəyanat verilib, vətəndaşlara müraciət edilir ki, aldanmasınlar. Mən İctimai Şuranın üzvü kimi deyirəm bunu, əlilliyin təyinatı pulla həll olunmur. Vətəndaşın sənədləri qaydasında olmalıdır. Rəsmi şəkildə müraciət edilməlidir. Dələduzlar var, aldatmağa çalışırlar insanları guya əlillik dərəcəsi düzəldəcəklər. Saxtakarlara alət olmaq lazım deyil.
P.S.
Xatırladaq ki, şair-bəstəkar Şahin Musaoğlunun bəstələdiyi və Şəmistan Əlizamanlının səsində Qarabağ müharibəsinin rəmzinə çevrilmiş “İgid əsgər, möhkəm dayan” mahnısı məhz Milli Qəhrəman Yusif Mirzəyevə həsr olunmuşdu.