“Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasının ilk və ən sürətli təsiri turizm axınlarının artması olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsinə baxış zamanı Ermənistanın iqtisadiyyat nazirinin müavini Anuşik Avetiyan bildirib.
Həmçinin, onun sözlərinə görə, Türkiyə ilə sərhədin açılması ən qısa vaxtda iqtisadiyyata praktiki və müsbət təsir göstərə bilər. Nazir müavini qeyd edib ki, Ermənistan böyük ölçüdə Lars keçid məntəqəsindən asılıdır və Türkiyə ilə sərhədin açılması iqtisadi subyektlərə bir neçə istiqamətdə kömək edəcək: “İlk növbədə nəqliyyat xərcləri azalacaq, tədarük zəncirləri qısalacaq və bazarlara çıxış imkanları genişlənəcək. Bağlı sərhədlər uzun illər ərzində logistika xərclərini artırıb, rəqabəti məhdudlaşdırıb və Ermənistan istehsalçıları üçün qlobal bazarda mövqe tutmaq baxımından ciddi çətinliklər yaradıb”.
Avetisyan Türkiyə ilə sərhədin açılmasının Ermənistanın ixracın diversifikasiyası gündəliyi baxımından da mühüm olduğunu vurğulayıb:
“Sərhədin açılması məhdud marşrut və istiqamətlərdən asılılığın azaldılmasına, yeni bazarlara çıxış və ixracın şaxələndirilməsinə imkan verəcək. Ekspert araşdırmaları bunun xarici ticarətə müsbət təsir göstərəcəyini, eyni zamanda investisiya axınları və mühitinin yaxşılaşacağını göstərir. Bu zaman investisiya axınlarının həcminin təkcə Ermənistanda deyil, bütün regionda təxminən 20 faiz artacağı gözlənilir”.
Avetisyanın fikrincə, Türkiyə ilə sərhədin açılması Ermənistanın Avropa İttifaqına ixrac imkanlarını genişləndirə bilər.
Nazir müavini açıq sərhədlərin yalnız Ermənistan üçün deyil, bütün region üçün faydalə olacağını iddia edib:
“Tranzit axınlarının aktivləşməsi və tədarük zəncirlərinin qısalması bütün maraqlı tərəflər üçün sərfəlidir. Bu, regionun beynəlxalq ticarət marşrutlarında rəqabət qabiliyyətini və cəlbediciliyini artıracaq”.