Gürcüstanda səyahət sığortası 120 dollara qədər qalxa bilər - AÇIQLAMA

Turist neçə gün ölkədə qalacaqsa, səfərin müddətinə görə sığorta məbləği təyin ediləcək

Gürcüstana səfərlər sığortasız mümkün olmayacaq. Gürcüstan hökumətinin bu ilin yanvar ayından tətbiq etdiyi qaydalara əsasən ölkəyə səfər edən turistlər səyahət sığortası əldə etməlidir. Bu, əcnəbilərə Gürcüstan ərazisində qaldıqları müddətdə sağlamlıq və bədbəxt hadisələrdən sığorta hüququ verəcək.

Bu sığorta turizm, işgüzar və ya tranzit məqsədilə Gürcüstan Respublikası ərazisinə daxil olan bütün əcnəbilər üçün vacibdir. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sığortanın əsas məqsədi isə Gürcüstana gələn turistlərin tibbi risklər, qəza və bədbəxt hadisələr zamanı maliyyə itkilərindən qorunmasını təmin etməkdir. Turistlər səyahət sığortasını həm öz ölkələrində turizm şirkətlərindən əldə edə, həm də Gürcüstan ərazisində lazımi məbləği ödəyib sığörta oldunduqlarına dair sənəd əldə edə bilərlər. Bununla Gürcüstan əcnəbilərin sağlamlıqları, həyatları ilə bağlı başlarına gələ biləcək hər hansı gözlənilməz hadisədə hökuməti əlavə vəsait sərfindən xilas edir. Əslinə baxanda, turistlər üçün də bu, daha məqbul görünür. Məsələ, sığortanın məbləğidir. Bu məbləğ yüksək olacağı təqdirdə təbii ki turist axınına da təsirsiz ötüşməyəcək. Məsələ təkcə bu da deyil. Gürcüstana səfərdə yeni qayda bizim yerli turizm şirkətlərini də “şirnikləndirib”. Turizm və sığorta şirkətləri səyahət sığortası təkliflərini irəli sürür. Xalq Sığorta reklamlara başlayıb artıq. “Səyahət sığortasını bizdən əldə edərək Gürcüstan səfərinizi daha güvənli edin!” deyirlər. Qiymətlərsə dəyişkəndir. Səfərin məqsədindən (gəzinti, eko-turizm, dağ turizmi və sair) asılı olaraq qiymət dəyişir. 

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Gürcüstan hökuməti səyahət sığortasının məbləğini minimum 30 min lari təyin edib:

- Yəni, məbləğ heç bir halda bu qiymətdən aşağı ola bilməz. İlkin qiymət 30 min laridən başlayır və bundan yuxarı olmalıdır. Hesab edirəm ki, səyahət sığortasının məbləği ölkədəqalma müddətindən asılı olacaq, günlərin sayına görə müəyyən ediləcək. Səfərin məqsədi düşünmürəm ki burada əhəmiyyət daşısın. Çünki turistin hara getdiyini, dağa çıxdımı, şəhərdə gəzdimi, kimsə izləyəsi deyil. Turist neçə gün ölkədə qalacaqsa, səfərin müddətinə görə sığorta məbləği təyin ediləcək. Təxminən 25 dollardan başlayacaq 100-120 dollaradək qalxacaq.