- Əziz Əlibəyli: “İran sanksiyalardan yayınmaq imkanlarını itirə bilər”
İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında fikir ayrılıqları davam edir. Tərəflər arasında mümkün razılaşma ilə bağlı danışıqların taleyi, eləcə də İranın nüvə fəaliyyətinin gələcəyi regionda əsas müzakirə mövzularından biri olaraq qalır. ABŞ rəsmiləri Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün ona təqdim olunan imkanlardan istifadə etmədiyini bildirirlər. Bununla yanaşı, bölgədə vəziyyəti daha da mürəkkəbləşdirən əsas məsələlərdən biri Hörmüz boğazı ətrafında yaranmış vəziyyətdir. Dünyanın mühüm enerji marşrutlarından biri hesab olunan bu strateji su yolunda baş verənlər yalnız İran və ABŞ arasındakı münasibətlər baxımından deyil, qlobal enerji bazarları və regionun təhlükəsizliyi baxımından da diqqət mərkəzindədir. ABŞ-nin dövlət katibi Marko Rubio da açıqlamasında İranın nüvə proqramı ilə bağlı mövqeyinə toxunub və Tehranın bir sıra imkanları dəyərləndirmədiyini bildirib. O, həmçinin İranın Hörmüz boğazı üzərində nəzarəti ilə bağlı vəziyyətə münasibət bildirərək, Tehranın bu ərazidə “tam nəzarəti itirdiyini” qeyd edib.
Beynəlxalq məsələlər üzə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, İran daxilində qərarverici qurumlar arasında fikir ayrılığı var:
“Yəni kimin qərar verəcəyi hələ bəlli deyil. SEPAH, Ali Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi mövcuddur, lakin bu qurumların mövqeləri eyni deyil. İkincisi, əsas məsələ yalnız uranla bağlı deyil. Qərb İrandan proksi şəbəkələrini zəiflətməyi tələb edir. Nəticədə isə bu xaos davam edir. Hörmüz boğazının itirilməsi isə İran üçün ciddi nəticələrə səbəb ola bilər. İranın iqtisadiyyatının və enerji ixracının mühüm hissəsi bu boğazdan asılıdır. Boğaz bağlanarsa, İran sanksiyalardan yayınmaq imkanlarını da itirə bilər. Ölkənin iqtisadi və enerji baxımından nəfəsi, demək olar ki, Hörmüz boğazından keçir. Boğaz uzun müddət bağlı qalarsa, iqtisadi çöküş ehtimalı yarana bilər. Bununla yanaşı, Hörmüz boğazının bağlanması regionun enerji təchizatına da ciddi təsir göstərə bilər. Çünki dünya neft tələbatının təxminən 20 faizi, mayeləşdirilmiş təbii qazın isə 25 faizi bu marşrutdan keçir. Hər hansı qarşıdurma baş verən kimi neftin qiyməti 110 dollara qədər yüksələ bilər. Bu isə, xüsusilə Avropa və Asiyada, inflyasiyanın artmasına səbəb olar. Boğaz uzun müddət bağlı qalarsa, Hörmüzdən yan keçən marşrutlara investisiyalar artacaq. Müharibə uzandıqca, enerji daşımaları üçün İrandan və bu boğazdan yan keçən alternativ yollar axtarılmağa başlanacaq”.