"Hücum diplomatiyası davam etdirilməli, düşmən hər addımda ifşa olunmalıdır" - Millət vəkili 

"Şərq Tərəfdaşlığı" ölkələrinin videokonfransında Prezident İlham Əliyev xalqımızı narahat edən əsas problemlərə toxunub".

Bunu "Sherg.az"a millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, ölkə rəhbəri Sammitdı Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı-Azərbaycan münasibətləri, ölkəmizin  sosial-iqtisadi inkişafı, koronovirusla mübarizə və digər məsələlərdən danışıb:

"Sammitdə diqqətimi çəkən taleyüklü məsələlərin bəzi detallarını nəzərinizə çatdırmaq istərdim. Ölkə başçısı, Avropa strukturları rəhbərlərinin, İttifaqın üzv və Şərq tərədaşlığı proqramına daxil olan dövlətlərin başçıları qarşısında bir daha Dağlıq Qarabağ probleminə diqqət yönəltdi. BMT, NATO, Avropa Parlamenti, ATƏT, Qoşulmama hərəkatı və digər beynəlxalq təşkilatların qəbul etdikləri hüquqi sənədləri ardıcıllıqla xatırlatdı. Ermənistanın işğalçı dövlət olduğu, müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınaraq beynəlxalq hüquq prinsiplərini inkar etdiyini açıq şəkildə iştirakçıların nəzərinə çatdırdı. Bəzən böyük siyasətlə məşğul olan dövlət başçılarının davranışları, intellekti, peşəkarlığı, mədəni səviyyəsi geniş ictimaiyyət tərəfindən müzakirə predmetinə çevrilir. Nəticə etibarilə həmin şəxs barədə ictimai rəy formalaşdırılır. Liderin nə dərəcədə sistem yaratma qabiliyyətinə malik olması, mövcud qlobal çağırışlara cavab vermə potensialı olan dövlət xadimi statusuna uyğun gəlməsi tam aydınlığı ilə görünür. Ələlxüsus, bu təzadlıq son vaxtlar, Münhen Təhlükəsizlik konfransında, Soçi , "Valday" klubunda, MDB dövlət Başçılarının Aşqabadda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarında özünü tam təsdiq etmiş oldu".

Parlament üzvü vurğulayıb ki, küçə "demokratı" olan bu adam, etdiyi populist çıxışları, protokoldan kənar yersiz replikaları ilə belə yüksək tədbirlər üçün yad bir ünsür təəssüratı bağışlayır:

"Görünən odur ki, həmin tədbirlərdə iştirak edən dövlət başçıları da bu kəskin təzadı hiss edir. Ermənistanda kadr probleminin olduğunu dərk edirlər. Erməni cəmiyyətində baş verənlər isə, Paşinyan hakimiyyətinə adekvatdır. Fikir verin, gündəlikdə olan məsələ, Avropa İttifaqı ilə Şərq tərəfdaşlığını əhatə edən ölkələr arası münasibətlərdən, koronovirus pandemiyası ilə mübarizədən gedir. Paşinyan isə, öz populist ampluasında, uzun illər əvvəl iki nəfər arasında baş vermiş cinayət hadisəsi ilə bağlı Avropa məhkəməsinin çıxardığı hökmü təhrif edərək, xəstə erməni təbliğatı aparır. Siyasi diskussiyada cənab İlham Əliyevin, erməni terrorçuları, rəsmi Yerevanın faşizm ideologiyasını rəsmi dövlət siyasətinə çevirdikləri barədə gətirdiyi əsaslı dəlillərin, tarixi faktların qarşısında aciz qalaraq, diqqəti aktual və qlobal məsələlərdən yayındırmağa cəhd edir. Yəni özü kimi cılız məsələlərlə, həlli vacib problemlərdən diqqəti yayındırmaq məqsədi güdür".

Parlament üzvü vurğulayıb ki, cənab Prezidentin başladığı hücum diplomatiyası davam etdirilməli, düşmən hər addımda ifşa olunmalıdır:

"İkinci məsələ isə son dövrlər Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə tam aydınlıq gətirilməsidir. Bu barədə çox saylı şayiələr gəzirdi. Hər iki subyekt arasında, tərəfdaşlıq haqqında saziş 90 faiz razılaşdırılıb. Avropa İttifaqı, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan, İttifaqın enerji təchizatında mühüm rol oynayır. Avropa İttifaqı, Azərbaycanın əsas ticarət müttəfiqi hesab olunur və gələcəkdə bu istiqamətdə çox böyük potensial mövcuddur. Üçüncü məsələ, ənnənəyə uyğun olaraq, Paşinyanın növbəti dəfə Avropa İttifaqından pul dilənməsi, Azərbaycanın isə pandemiya ilə əlaqədar 29 ölkəyə və Ümumdünya səhiyyə təşkilatına göstərdiyi yardımlardır. Burada da hər iki ölkənin ümumbəşəri dəyərlərə, insanlığa verdiyi xidmət açıq şəkildə özünü biruzə verir".

N.Məhəməliyev qeyd edib ki, siyasətdə təsadüfi heç nə olmur:

"Hesab edirəm ki, cənab Prezidentin rəhbərliyi və şəxsi nümunəsi ilə aparılan siyasət, sistemli şəkildə ölkəmizin beynəlxalq səvyyədə daha da güclənməsinə səbəb olmaqla, xalqımızın sülhsevər mahiyyətini təbliğ edir".