İcma bəyanat yaydı: Azərbaycanlıların Ermənistana qayıdışı insan hüquqları məsələsidir

"Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertinin Ermənistana etdiyi səfərə dair yayılmış məlumatda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdış hüququ xüsusi olaraq vurğulanıb".

Sherg.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.

Bildirilib ki, Qərbi Azərbaycan İcması əvvəllər bir neçə dəfə Avropa Şurasının müxtəlif təsisatlarına müraciət ünvanlasa da, nədənsə onlar azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı mövqeyini ifadə etməyiblər:

"Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarını sələflərinin, eləcə də Avropa Şurası Parlament Assambleyasının səhvlərini təkrar etməməyə, insan hüquqlarına münasibətdə ayırıcı xətt çəkmək siyasətindən əl çəkməyə və bizim Ermənistana qayıdış hüququmuza dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırır".