İdarəetmə sistemində gənclərin iştirakına daha çox önəm verilir

"Ölkəmizdə bütün sahələr kompleks şəkildə inkişaf edir". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat vurğulayıb ki, hazırda iqtisadiyyatda və kənd təsərrüfatında inkişafın şahidi oluruq:

"Emal sənayesi də paralel olaraq inkişaf edir. Son 15 ildə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş yenidənqurma və inkişaf tədbirlərinin nəticəsidir ki, Prezident hər bir rayona səfəri zaman o rayonun ümumi iqtisadi göstəricilərində dəfələrlə artım müşahidə etdiyini qeyd edir. Bu, düzgün istiqamətlənmiş bir siyasətdir və regionlara göstərilən diqqət və qayğıdır. Hər bir sahədə gəncləri, onların əməyini görürük. Bu, gənclərə göstərilən xüsusi önəmin göstəricisidir. Gənclər bu gün Azərbaycanın inkişafında, ərazi bütövlüyünün müdafiəsində yaxından iştirak edirlər. Düzgün istiqamətlənmiş, vətənpərvər ruhda tərbiyə olunmuş gənc Azərbaycanın gələcəyidir”.

Parlament üzvü bildirib ki, ölkə başçısı Azərbaycanın qərb bölgəsinə səfər edərək bir neçə infrastruktur layihələrinin açılışında iştirak edib:

"Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında və Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident öz ürək sözünü əhaliyə bildirdi. Bu gün ölkədə gedən inkişafdan, pandemiyaya qarşı uğurlu mübarizədən, yeni tikilən modul xəstəxanlardan, ölkəmizdə genişlənən “ASAN xidmət” şəbəkəsindən danışdı. Bu, Balakəndə istifadəyə verilən sayca 19-cu “ASAN xidmət”dir və bu mərkəzlər Azərbaycanın intellektual məhsuludur. Bu mərkəzlərdə də çalışanlar gənclərdir. Hər bir “ASAN xidmət”də 200-ə yaxın gənc və könüllülər fəaliyyət göstərir. Bu o deməkdir ki, Azərbaycanın idarəetmə sistemində gənclərin iştirakına daha çox önəm verilir. Azərbaycan dayanıqlı inkişafa və gözəl perspektivlərə malik ölkədir. Bütün addımlar plan üzrə və yerlərdən gələn təkliflər əsasında atılır. Azərbaycanda mövcud problemlər hərtərəfli öyrənilir, onun həlli yolları müəyyən olunur və operativ həlli ilə bağlı müvafiq tədbirlər görülür".