İqtisadçı: Siqaretlərin qiyməti qoy lap çox bahalaşsın, “kəllə-çarx”a çıxsın!

"Məlumdur ki, yanacağın qiymətində artım olan kimi digər məhsulların qiymətinə də bu təsir edir"

Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb. Pərakəndə satış qiymətlərində hətta 2-3 manat bahalaşma olanlar da var. Qiymətləri qalxan siqaretlər bunlardır:

“Winston Xstyle Blue”, “Winston Xstyle”, “Silver Winston”, “Xstyle Caster”, “Winston Xstyle DUAL”, “Winston XS Silver”, "Sobranie Blue”, “Sobranie White”, “Sobranie Blues”, “Sobranie Blacks”, “Sobranie Whites”, “Sobranie Caster Line”, “Sobranie Compact Blue”, “Sobranie Compact Caster”,“LD Club Platinium”, “Winchester Blue KS”, “Kent Nano Silver”, “Rothmans Demi Silver”, “Pall Mall Nano White”, “Dunhill Golden”. Qeyd edilir ki, “Kent Feel” siqaretinin bir blokunun əvvəlki qiyməti 40.04 AZN olduğu halda, indi bu siqaretin bloku 43.76 AZN-ə satılır. “Kent Nano Silver 4” əvvəlki blok qiyməti 40.04 AZN, indi 43.76 AZN-ə satılır. “Rothmans Demi Click Ambe” əvvəlki blok qiyməti 28.34 AZN idi, indi 31.16 AZN, “Pall Mall Nano White” əvvəlki qiyməti 28.34 AZN, indi 31.16 AZN, “Pall Mall Nano Night” siqaretinin bloku isə 28.34 AZN idi, hazırda 31.16 AZN-ə satılır.

İqtisadçı Fuad İbrahmov “Sherg.az”a açıqlamasında siqaretlərin qiymətinin qalxmasını sevindirici xəbər adlandırdı: 

- Şəxsən məni siqaretlərin qiymətinin qalxması sevindirir. Siqaretlərin qiyməti qoy lap çox qalxsın, “kəllə-çarx”a çıxsın. Bəlkə insanlarımız qazandıqları pulu bu zəhərə verməkdən, özlərinə ölüm almaqdan çəkinər. 

Məsələnin iqtisadi tərəflərinə gəlincə, F.İbrahimov “səbəb əlbəttə ki, inflyasiya göstəriciləridir. Ümumiyyətlə, son illərdə əksər məhsulların qiymətində artım onsuz da baş verir. Az və ya çox. Hər dəfə məhsulların qiymətində 10-20 qəpik artım olur, nəticədə görürük ki, dünən 1. 20 qəpiyə aldığımız mal-məhsul, bu gün 1.50-yədir. Sabah 2 manat və sair…” söylədi və əlavə etdi ki, bu iqtisadi poseslərlə müəyyən dərəcədə əlaqəlidir: 

- Məlumdur ki, yanacağın qiymətində artım olan kimi digər məhsulların qiymətinə də bu təsir edir. Burada əsaslı, əsassız, süni qiymət artımı da ola bilər, obyektiv səbəblər də. Siqaretin qiyməti dövlət tərəfindən tənzimlənmir, Qiymətin dəyişməsi bu sahədəki subyektlərin davranışından asılıdır. Ölkəmizdə tütün məmulatlarının istehsalında xarici amillər çoxluq təşkil edir. İstehsal üçün bir çox komponentlər ölkəyə idxal olunur. İdxalda qiymət artımı qiymət dəyişikliyinə təsir edir. Ola bilər siqaretlər idxal edilən yerdə bahalaşıb. İdxal xərci artıb deyə, qiymət də artıb. Azərbaycanda siqaretlərin qiyməti birbaşa dövlət tərəfindən deyil, daha çox aksiz vergisi, idxal xərcləri və şirkətlərin təklif-tələb qanunlarına əsasən tənzimlənir, lakin dövlətin Vergi Məcəlləsi ilə müəyyən etdiyi aksizlər qiymət artımına təsir edir. Bu səbəbdən qiymətlər hər hansı qərara ehtiyac olmadan da şirkətlər tərəfindən dəyişdirilə bilir. İstehsalçılar bazardakı vəziyyətə uyğun qiymət təyin edir.