"400 manat maaş kommunala gedir. Bu şərtlərdə vətəndaş ya əlavə iş tapmalı, ya da küçədə yaşamalıdır”
“İxtisarlar artır, əsas da regionda. Dövlət təşkilatlarında bəzi təşkilatlar birləşir, bəziləri ləğv olunur bu isə yeni işsiz ordusunun yaranmasına gətirib çıxaracaq”.
Bu fikirlər iqtisadçı Rauf Qarayevə məxsusdur. “Sherg.az”a açıqlamasında R.Qarayev bunun səbəbi və niyə əsasən regionlarda baş verir, məsələsinə aydınlıq gətirdi. İqtisadçı bildirdi ki, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara edilən dəyişikliklərə əsasən Maliyyə Nazirliyi büdcə göstəricilərinin hazırlanması və təqdim olunması, mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtibi, eləcə də dövlət satınalmaları üzrə müqavilələrin bağlanması artıq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirəcək: 
- Yeni mexanizm sənəd dövriyyəsinin tam elektronlaşdırılmasını, inzibatçılığın azaldılmasını, büdcə prosesinin çevikliyinin artırılmasını və maliyyə intizamının gücləndirilməsini təmin edəcək. Görünən odur ki, elektronlaşma sistemi artıq bir sıra qurumların fəaliyyətinə xitam verəcək. Bir nəfər Bakıdan oturub regiona nəzarət edəcək. Bu yoxlamanı da asanlaşdırır. Regionda maliyyə və mühasibatlıq işini 5-6 işçi aparırdısa artıq 3 nəfər peşəkar kadr və eyni maaşa bu işi aparacaq. Məsələnin digər tərəfi var, texniki tərəfi. Sistem problemlər və s. bu vaxt itkisinə də gətirib çıxarır. Bu halda həmin 3-4 nəfər məcburdu müvəqqəti keçid etsin köhnə ənənəvi varianta. Bu halda işçiyə tələbat yaranacaq. Üstəlik maaş eyni, amma iş çox. Bu isə işçinin əməyinin istismarıdır. İşçi 18:00-dan sonra istirahət etməlidir və şənbə və bazar, qanunda əlavə ödəniş nəzərdə tutulsa da, reallıq olaraq bu belə deyil. İşçi işsizlərin çoxluğunu görüb məcburdu qoyulan tələbləri yerinə yetirsin. Yəni əlavə saat üçün məbləğ tələb etməsin. Məsələnin digər tərəfi odur ki, yaxşı olardı ki, əhəmiyyətsiz xərclər azalsın, nəinki regionlarda işsizlər ordusu yaransın. Baxmayaraq ki, tender məsələsi ilə bağlı qanun sərtləşdirilib, amma hələ də mətbuatda biz bununla bağlı narazılıqları görürük. Borcu olan təşkilatlar var ki qalib elan olunur. Hansı əsasla yenə sual yaranır. İxtisarın gedilməsinin müsbət halı da var. Yəni elə ştatlar var ki, vaxtı ilə onun olması vacib idi, amma indi əhəmiyyətini itirib. Yəni həmin ştatın olması formallıq xarakter daşıyır. Qeyd edim ki, inflyasiya prosesi gedir, bu o deməkdir ki, real həyat şəraiti buna uyğun irəliləməlidir. Mən bu gün 400 manat minimum əməkhaqqı alıramsa amma bunu yalnız kommunala ödəyirəmsə, demək mən əlavə iş axtarmalıyam və ya kommunal ödənişləri ödəməyəcəmsə məcburam bir daxmada və ya küçədə yaşayam.
İqtisadçı qeyd etdi ki, inflyasiya prosesi sürətlə davam edir. Üstəlik son vaxtlar vergi prosesi onlayn satışa da sıçrayış edib və bu ucuz malların azalmasına təsir edəcək:
- Halbuki, bundan müəyyən təbəqə insanlar istifadə edirdi. Artıq onlayn ticarətin də vergi yükü artıb. Elə insanlar var idi ki, ucuz ödənişi oradan edirdi. İndiki halda əhaliyə varlanmaq imkanı yaradılmalıdır. Belə olan halda, dövlətə yük o qədər düşməyəcək və əhali köhnə fikirdən əl çəkəcək. Köhnə dedikdə, hər şeyi dövlət etməlidir, hamı dövlət işində çalışmalıdır fikrini nəzərdə tuturam.