"İskəndər-E" raketlərinin Ermənistanda nə işi var idi? - RƏY

 Bu və bunun kimi sualların cavabını Azərbaycan hələ də gözləyir

Prezident İlham Əliyevin hər il doğum gününü işğaldan azad edilmiş Qarabağda - öz doğma yurdlarına qayıdan soydaşlarımızın arasında qeyd etməsi artıq ənənə halını alıb. Bu ənənə hələ böyük Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən öncəki illərdən gəlir. Təcavüzkar Ermənistanın işğalçı siyasətinin davam etdiyi həmin illərdə dövlət başçısı hər dəfə doğum günündə mütləq məcburi köçkünlərə baş çəkər, onlarla həmsöhbət olar, yurd həsrətilə yaşayan insanlarımıza mənəvi dəstək olmağa çalışardı. Bu gün isə artıq Qarabağda geosiyasi reallıq da, hərbi gerçəklik də, xalqımızın və dövlətimizin mənəvi-psixoloji ovqatı, durumu da kökündən dəyişib. İndi Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətdir. Prezidentin tarixi Zəfərimizin beşinci ildönümündə ad gününü işğaldan azad edilmiş Xankəndi və Ağdamda qeyd etməsi həm qalibiyyətimizin göstəricisi, həm də dövlətçiliyimizin təntənəsidir. Dövlət başçısının bu addımı növbəti dəfə xalq-lider birliyinin əyani təcəssümünə çevrildi. Eyni zamanda, bütün dünya ictimaiyyətinə də bir daha açıq mesaj verildi ki, Azərbaycan dövləti və xalqı işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı quruculuq işləri ilə erməni vandalizminin ağır nəticələrini aradan qaldırır, sülh və inkişafa yol açır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri və Böyük Qayıdışın uğurla davam etdirilməsi Azərbaycan xalqının bu ərazilərin gerçək sahibi olduğunu nümayiş etdirir. Bununla bərabər, həm də bu bölgənin ölkəmizin vahid sosial-iqtisadi və mədəni məkanına yenidən inteqrasiya olunmasını təmin edir. Bu kontekstdə Cənab Prezidentin Ağdamdakı çıxışı həm bu gün Qarabağda görülən işlər haqqında əyani təsəvvürün yaradılmasına, həm də gələcək hədəflərimizin müəyyən olunmasına hesablanmışdı. 

Millət vəkili Azər Badamov Sherg.az-a deyib ki, cənab Prezident Ağdamdan olduqca dərin mənalı fikirlər səsləndirdi. Deputatın sözlərinə görə, Ağdam sakinləri ilə görüşdən ötürülən emosiyalar xalqımızın Liderinə səmimi dəstəyidir: "Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövlətinin ən çox fokus olduğu məsələdir. Bu istiqamətdə qeyd olunmalıdır ki, Azərbaycanın daxili və xarici siyasətində sözügedən məsələ prioritet istiqamət təşkil edir. Bu dəfə də cənab Prezident İlham Əliyev iş qrafikini birinci olaraq Qarabağ üzərindən müəyyənləşdirdi. Yenə də dövlət başçısının istisnasız addımına şahidlik etdik. Prezident xalqa verdiyi dəyər ənənəsinə sadiq qalaraq öz ad gününü Qarabağda, Ağdamda xalqı ilə bir yerdə keçirdi. Ağdam sakinləri ilə görüşdə səsləndirilən fikirlər, ötürülən emosiyalar ondan xəbər verir ki, Azərbaycan xalqı həqiqətən də öz Liderini dəstəkləyir.

Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycan dövləti və xalqı qətiyyət nümayiş etdirir. Məhz bu qətiyyətin, məhz bu səmimi dəstəyin biz bir daha şahidi oluq. Dövlət başçısının fikirləri sülh quruculuğunun mövcud durumu, Azərbaycan xarici siyasətinin indiki məqamda atdığı addımlar və bütövlükdə otuz ilə yaxın zaman çərçivəsində Azərbaycanın məruz qaldığı haqsızlıqlarla bağlı idi. Prezident çox aydın yanaşma ortaya qoydu. Çox mükəmməl müqayisə apararaq bildirdi ki, dünyanın fərqli regionlarında separatist rejimlər yaradılarkən onlara qarşı qəti yanaşmanın və barışmaz mövqeyin olduğunu gördük. Azərbaycana gəldikdə isə durum tamamilə fərqli və səthi idi. Azərbaycan torpaqlarında separatist rejim yaratmaqla işğalı əbədi etmək və bunu Azərbaycan xalqına qəbul etdirmək istəyirdilər. Lakin biz bununla barışmadıq". 

Parlament üzvü vurğulayıb ki, mahiyyət etibarilə Azərbaycan elə bir siyasət ortaya qoydu ki, sadəcə, Ermənistanı deyil, ona havadarlıq edən qüvvələri də yanıltdı: "8 avqust tarixində imzalanan sənədlər mövcud reallığın möhürüdür. Bu gün Qarabağ və Şərqi Zəngəzur qurulur, bərpa edilir. İnsanlar öz dədə-baba yurdlarına köçürlər. Azərbaycan dövləti bu işi öz gücü, qətiyyəti və maliyyə resursları hesabına təmin edir. Dövlət başçısı bildirdi ki, illər ərzində Türkiyə bizim yanımızda olan tək aktor oldu. Beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycana dəstək verən tərəflər də var idi. İslam dünyası Azərbaycanı dəstəkləyirdi. Təəssüflər olsun ki, bizim düşmənlərimizin sayı dostlarımızın sayından çox idi. Amma Azərbaycan yenə də haqq savaşından dönmədi. Biz mübariz xalq olduğumuzu, torpaqların tarixi baxımdan bizə məxsus olduğunu sübut etdik. Dövlət başçısı yenidən o sualı aktuallaşdırdı ki, "İskəndər-M" və "İskəndər-E" raketlərinin Ermənistanda nə işi var idi? Bu və bunun kimi sualların cavabını Azərbaycan hələ də gözləyir".