İsrail mətbuatı: “Ərdoğanın kartları güclüdür, İsrail kənarda qala bilər”

İsrailin “Haaretz” qəzeti Türkiyənin Yaxın Şərqdə artan rolunu ön plana çıxaran analiz dərc edib. Sherg.az xəbər verir ki, qəzetə görə, Tramp Qəzzada Ərdoğanın təklif etdiyi beynəlxalq sülhməramlı qüvvəni dəstəkləsə, İsrail regional proseslərdə özünü kənarda görə bilər.

Məqalədə qeyd olunur ki, Türkiyənin Qəzzadakı beynəlxalq sabitlik gücünə qoşulması həm kritik əhəmiyyət daşıyır, həm də İsrail–Türkiyə münasibətlərində dönüş yaradır.

Tramp, Türkiyəni F-35 proqramına qaytarmaqdan bəhs edir. İsrail isə həm Səudiyyə Ərəbistanının F-35 alacağından, həm də Türkiyənin “Kaan” qırıcılarını Misirə satmaq planlarından narahatdır;

Trampın Türkiyənin Suriya siyasətini tərifləməsi İsrailin təhlükəsizlik yanaşması ilə ziddiyyət təşkil edir.

Haaretz bildirir ki, Türkiyə artıq vasitəçi deyil, ABŞ-ın Qəzzə planının təminatından biridir, İsrail isə prosesə maneə kimi görünür.

Qəzet belə nəticəyə gəlir ki, əgər Tramp Ankara ilə işləməyə qərar verərsə, İsrail özünü zəif kartlarla yeni bir qarşıdurma yolunda görə bilər.