Kartapolovun sözləri bir qara qəpiyə də dəymir - Politoloq
Əgər Ermənistanda əksəriyyət Paşinyanı hakimiyyətdə istəməsəydi, çoxdan getmişdi
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov bəyan edib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı mümkün qərarı erməni xalqının maraqlarına uyğun deyil. General qeyd edib ki, analoji qərarları tək hökumət başçısı qəbul edə bilməz. Kartapolov bildirib ki, Paşinyan indi təbii ki, Ermənistanın lideridir, amma hələ də orada erməni xalqı var: "Ermənistanın KTMT-dən çıxması isə erməni xalqı üçün qətiyyən prioritet deyil. Paşinyanlar gəldi-gedərdi, amma Ermənistan qalır. Ona görə də gəlin belə siyasətçilərin bəyanatlarına sakit reaksiya verək". O vurğulayıb ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərarı respublika parlamenti də təsdiqləməlidir. Onun sözlərinə görə, başa düşmək lazımdır ki, beynəlxalq müqavilələr üzrə istənilən qərarlar mürəkkəb prosedur prosesləri, o cümlədən maliyyələşdirmə və sazişlərin müddətinin uzadılması məsələləri tələb edir. Deputat Rusiyanın Ermənistandakı hərbi bazasının statusuna xüsusi diqqət yetirib. O izah edib ki, obyekt KTMT çərçivəsində müqavilə deyil, ölkələr arasında ikitərəfli saziş əsasında fəaliyyət göstərir: "Buna görə də baza lazım olana qədər orada vəzifələrini yerinə yetirməyə davam edəcək". Xatırladaq ki, Paşinyan ötən gün bəyan edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ölkənin assosiasiyaya üzvlüyünün dondurulmamasından daha çox ehtimal olunan variantdır. Onun sözlərinə görə, KTMT Ermənistanın ərazi bütövlüyü məsələsində qırmızı xətlə bağlı verdiyi vədləri pozub.
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolovun açıqlaması ictimai rəyə hesablansa da, həddini aşan bəyanatdır. Ekspertin qənaətincə, Rusiya rəsmisinin dedikləri özündə həqiqəti əks etdirmir:

"Necə yəni Nikol Paşinyan heç kimdir, əsas xalqın rəyidir?! Bəs Nikol Paşinyanı kim seçib, kim başa gətirib? Əlbəttə ki, erməni xalqı seçib. Paşinyan həmin baş nazirdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qarşısında təslimiyyət sənədini imzaladı. Buna rəğmən, erməni xalqı mandatı revanşistlərə, rusyönlü 5-ci kolonun nümayəndələrinə deyil, məhz Paşinyana verdi. Çünki Paşinyan Azərbaycanla sülh vəd etmişdi. Baş nazir xalqa "müharibəni bitirmək və ölkəyə sülh gətirmək" sözü vermişdi. Məhz ona görə erməni cəmiyyəti Paşinyana mandat verdi ki, regionda Ermənistanla Azərbaycan arasında müharibə bitsin və gəncləri müharibədə ölməsin. Yəni erməni toplumu sakitlik istəyir. Bu baxımdan Kartapolovun sözləri bir qara qəpiyə də dəymir".
N.Miri vurğulayıb ki, əgər Ermənistanda əksəriyyət N.Paşinyanı hakimiyyətdə istəməsəydi, çoxdan getmişdi:
"Kilsə və revanşistlər, bütün müxalif düşərgə bir cəbhədə birləşsə də, yenə Paşinyanı devirə bilmədilər. Səbəbi odur ki, Paşinyana müxalif olanlarda kütləvilik yoxdur, azlıqdadırlar. Ermənistanda xeyli sosioloji sorğular keçirilib, heç birində rusyönlü qüvvələrin reytinqi yüksək olmayıb. Rusiyanın erməni ictimai rəyində nüfuzu üçüncü-dördüncü sırada olan Hindistandan belə aşağı yerdədir. Erməni ictimai rəyi Rusiyanı ümumiyyətlə qəbul etmir və Qərbə inteqrasiyadan yanadır. Söhbət əksəriyyətdən gedir. Əgər N.Paşinyan əmin şəkildə bildirirsə ki, erməni xalqı Azərbaycanla sülhdən yanadır, deməli, bu, həqiqətən belədir. Əks təqdirdə, müharibədən sonra növbədənkənar parlament seçkilərində erməni xalqı mandatı Paşinyana yox, onun rəqiblərinə verərdi. Müxalifət 2026-cı ildə keçiriləcək parlament seçkilərində qalib gələcəyinə əmindirsə, niyə seçkini gözləmədən hərbi-siyasi çevrilişlər Paşinyanı yola salmaq planları qurur? Samvel Karapetyanı çevriliş planı ifşa olunduğu üçün həbsə atıblar. Məsələ bundan ibarətdir".