"Onların məqsədi bu sülh sazişini pozmaq və Paşinyanı kənarlaşdırmaqdır"
ABŞ-ın Lemkin İnstitutunun, ABŞ Prezidenti Donald Trampa Ruben Vardanyan da daxil olmaqla müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, Azərbaycanın QHT nümayəndələri 25 dekabr 2025-ci il tarixində Prezident Trampa açıq məktub göndəriblər.
Bundan əvvəl isə 23 dekabr 2025-ci il tarixində Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutuna ünvanladığı Açıq Məktubda bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham etmişdi. Məktubda vurğulanıb ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutu elan etdiyi missiyaya xəyanət edir və Azərbaycan ictimaiyyətindən üzr istəməyə çağırılıb.
Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə ünvanladığı “Hüquq, sabitlik və Tramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi” adlı müraciətində isə vurğulanır ki, sülhü sarsıtmaq məqsədilə aparılan dezinformasiya kampaniyaları əsassızdır və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçirilən məhkəmə proseslərinə müdaxilə cəhdləri qəbuledilməzdir: “Dezinformasiya kampaniyaları aparanlar 30 ildən artıq davam etmiş qanunsuz işğal dövründə terrorizmin maliyyələşdirilməsi, təcavüzkar müharibənin aparılması və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə bağlı ittiham olunan şəxsləri "girovlar" kimi qələmə verməyə çalışırlar. Onların əməlləri nəticəsində bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, yüzlərlə mülki yaşayış məntəqəsi sistemli şəkildə məhv edilib. Saxlanılan şəxslərdən biri, Rusiya-Ermənistan əsilli oliqarx Ruben Vardanyandır. O, regionda sülhün qarşısını almaq məqsədilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılmış oyuncaq rejimə “dövlət naziri” kimi göndərilmişdi. Azərbaycan məhkəmə proseslərini şəffaf şəkildə və beynəlxalq öhdəliklərinə uyğun həyata keçirir; hüquqi icraatlar ictimaiyyət üçün açıqdır və bunu dini təqib kimi təqdim etmək əsassızdır. Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlər boyu harmoniyada yaşadığı dünyəvi ölkədir”.
Müraciətdə həmçinin qeyd edilib ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə heç vaxt dini xarakter daşımayıb. ABŞ-nin iştirakı ilə regionda sülh bərqərar olub, etimad tədbirləri həyata keçirilir və iqtisadi əlaqələr bərpa olunur: “Sizin Amerika gücünü sülh və ədalətin təmin edilməsində göstərdiyinizi alqışlayırıq. Liderliyiniz uzunmüddətli münaqişələrin həllinə yol açıb və pozucu qüvvələr bu prosesə mane ola bilməyəcəklər”.
Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında bu müraciətin vaxtında verildiyini vurğulayaraq, ABŞ və xüsusilə Prezident Trampın sülh sazişinin bağlanmasında dəstək verməli olduğunu bildirib və Lemkin İnstitutunun erməni diasporasının təsiri altında sazişi pozmağa çalışdığını qeyd edib:
“Sülh anlaşması məhz ABŞ-da Prezident Trampın təşəbbüsü ilə ortaya çıxdı. Avropa illərlə guya sülh sazişi üçün çalışırdı, amma əslində bu iki tərəf sülhdən uzaqlaşdırırdılar! Ona görə də, bu gün Amerika ən çox bu sazişin bağlanmasını istəməlidir. Amma Amerikada olan Lemkin İnstitutu buna rəğmən, erməni diasporasının gücü ilə bizdə olan canilərin, minlərlə insanın ölməsinə, evlərin dağıdılmasına, hətta indi köçkün insanların həmin canilərin basdırdığı minalı yerlərdən keçməsinə həmişə görə qorxur! Faşistlər kimi, bizim millətimizə cəza verən insanlar azadlıq istəyirlər!
Vardanyanda onların illərlə pul kisəsi olub. Onların məqsədi bu sülh sazişini pozmaq və Paşinyanı kənarlaşdırmaqdır. Mən inanıram ki, Prezident Tramp bu məsələdə bizə dəstək verəcək!”.