"Hər birimiz, xüsusilə jurnalistlər və media nümayəndələri məsuliyyətli olmalı, hər xəbəri dəqiqləşdirmədən paylaşmamalıyıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın ölmüş əsgərlərinin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı edilməsi ilə bağlı qərarı həqiqəti əks etdirmir.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Rəsmi açıqlamada bu iddiaların tamamilə əsassız olduğu bildirilib:
"İctimaiyyət ölkə və Azərbaycan-Türkiyə münasibətlərinə yönələn dezinformasiyalara etibar etməməli, yalnız rəsmi orqanların verdiyi açıqlamalara əsaslanmalıdır".
Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lərdə və sosial media platformalarında Rəcəb Tayyib Ərdoğanın Ermənistanın ölmüş əsgərlərinin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı edilməsi ilə bağlı qərar qəbul etdiyi xəbərləri yayılmışdı.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında bildirib ki, yayılan dezinformasiyaların əsas məqsədi Azərbaycan-Türkiyə münasibətlərini zədələməkdir:
“Bizə qarşı olan, birliyimizi istəməyən qüvvələr aramıza nifaq salmağa çalışır. Yerli-yersiz məlumatlar əsasında yayılan saxta xəbərlər toplumda çaşqınlıq yaradır. Təəssüf ki, bəzən media və sosial şəbəkələr belə xəbərlərin doğruluğunu yoxlamadan tirajlayırlar”.
A. Həsrət vurğulayıb ki, Qardaş Türkiyə Birinci Qarabağ müharibəsindən bu yana açıq şəkildə bəyan edib ki, Ermənistanla münasibətlər yalnız Azərbaycanın istəyi və razılığı əsasında bərpa olunacaq: “Azərbaycan hər hansı bir addım atmaq qərarına gəlsə, Türkiyə də həmin addımı dəstəkləyəcək. Bu mövzu ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli rəsmilər dəfələrlə mövqelərini açıqlayıblar. Belə bir şəraitdə ortaya çıxan yanlış məlumatlar Azərbaycan cəmiyyətində haqlı olaraq böyük təəccüb doğurur. Sağ olsun, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məsələyə aydınlıq gətirərək bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir daha əmin olduq ki, qardaş Türkiyə Azərbaycanla məsləhətləşmədən Ermənistana maliyyə yardımı edəsi deyil”.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan, Türkiyə və dost-qaradaş olan digər ölkələrin mediaları bundan sonra daha ehtiyatlı olmalı, əmin olmadıqları xəbərləri paylaşmamalıdır: “Bu cür dezinformasiyalar yenidən yayılacaq. Xüsusilə İran ətrafında baş verən hadisələr fonunda bu cür xəbərlərə qarşı xüsusi diqqətli olmalıyıq. Çünki dezinformasiyalar yalnız ictimaiyyəti çaşdırmaqla qalmır, həm də xarici siyasətə təsir etmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə birliyi strateji əhəmiyyət daşıyır. Bu birliyi zəiflətmək istəyən qüvvələr saxta xəbərlərlə ictimai rəy formalaşdırmağa çalışır. Ona görə də hər birimiz, xüsusilə jurnalistlər və media nümayəndələri məsuliyyətli olmalı, hər xəbəri dəqiqləşdirmədən paylaşmamalıyıq”.