Milli nağıllar unuduldu, qorxunc personajlar səhnəyə çıxdı - Sosioloq

Ekspert həyəcan təbili çaldı, eybəcər oyuncaqlar uşaqları qorxuya salır

Eybəcər, qorxu, stress, həyəcandan savayı heç bir məna ifadə etməyən Labubu oyuncaqları mağazalarda çeşid-çeşid satıldığı və evlərimizdə uşaqlarımızın milli oyuncaqlarının yerini tutduğu azmış kimi bu naməlum personajın iştirakı ilə indi də teatr-sirk tamaşası hazırlanır. Bununla bağlı internet resurslarda elanlar verilir və biletlərin onlayn satışı təşkil olunur. Teatr-sirk tamaşasının Opera Studiyasında təşkili də bir ayrı tragikomediyadır.  

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, bu, çox təəssüf ediləcək haldır: 

- Bizim milli uşaq folklorunun, uşaq ədəbiyyatının gözəl, tərbiyəvi, maarifləndirici nağılları, nağıl, əfsanə, rəvayət personajları bir kənarda qalıb, unudulur, əvəzində bu cür eybəcər, yad bir ölkədən gələn, uşaqları qorxudan personajlara müraciət edirlər. Bununla nə demək istəyirlər, hansı məqsəd güdürlər, bilinmir. Son illərdə bu cür eybəcər personajlar uşaqlarımızın həyatına daxil edilib. Mədəniyyət Nazilriyi bu məsələyə müdaxilə etməlidir. Mən əminəm ki, xüsusən azyaşlı uşaqlar qorxaraq də yarımçıq ayrılacaqlar o sirk tamaşasından. Nisbətən böyük yaşda olanlar bəlkə sonadək izlədi. Amma qorxunc oyuncaqdan qorxan, canlı şəkildə səhlnələşdirilmiş formada görəndə daha da qorxacaq.

“Yenilik” axtarışında olanlar var ölkədə. Milli dəyərlərdən çox kənarda qalmışıq. Əcnəbi nə varsa, ona üstünlük veririk. Valideynlər uşaqları da sövq edirlər buna. Bizim milli uşaq teatrımız hardadır ki “Labubu” səhnəyə çıxır?! Uşaqlara nə təqlin edir bu oyuncaq ki hələ bir səhnələşdirirlər də. Valideyn övladına nəyisə seyr etdirməkdən əvvəl özü baxmalı, bunun hansı məna daşıdığını, hansı müsbət təsir göstərə biləcəyini bilməlidir. Və düşünməlidir: bu, mənim övladıma nə verəcək? Hesab edirəm ki, bu cür eybəcər oyuncaqlar və onların səhnədə canlandırılması uşaqların psixologiyasına zərbə vura bilər. Uşaqlarla bağlı məsələlərdə çox həssas olmalıyıq. Valideynlər buna qarşı çıxmalıdır. Valideyn anlamırsa, milli-mənəvi dəyərlərin qorunmasında məsul olan dövlət strukturları lazımi addımlar atmalıdır. Kim nə istəyir, edir. Belə olmaz. Dövlət başçısının sərəncamında milli dəyərlərin qorunması yer alıb. Cənab Prezident çıxışlarında da bunu hər zaman vurğulayır. Belə olduğu təqdirdə bu Labubu bizim hansı milli dəyərlərimizə uyğundur? Hələ üstəlik sirk tamaşası da hazırlanır. Biz uşaqlarımız üçün qəhrəmanlığı, igidliyi təbliğ edən tamaşalar hazırlamalıyıq. Labubu nə verir uşaqlara? Şiddət, qorxu. Uşaqlar üçün atılan hər bir addımda bir yox, dəfələrlə düşünüb addım atılmalıdır ki psixologiyaları zədə almasın. 

Qalereya