Mühafizə orderi effektlidir, amma nəzarət mexanizmi güclənməlidir - EKSPERT

Mehriban Zeynalova: “Polisin təqdim etdiyi sənədin arxasında qanun dayanır” 

2025-ci ildə 322 şəxsə zorakılıqlardan qorunmaq üçün mühafizə orderi verilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib. Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub. Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı tətbiq edilən rəsmi məhdudiyyətlər toplusudur. Bu orderin verilməsində əsas məqsəd zorakılığa məruz qalmış şəxsin təhlükəsizliyinin təmin olunması və onun hüquqlarının qorunmasıdır. Order qüvvədə olduğu müddətdə zorakılıq törədən şəxsə zərər çəkmiş şəxsə yaxınlaşmaq, onunla əlaqə saxlamaq və ya onu narahat edən hərəkətlər etmək qadağan olunur. 

Mühafizə orderi məişət zorakılığının qarşısının alınmasında ən effektiv üsuldurmu?  

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, mühafizə orderi beynəlxalq yanaşmadır və bir çox ölkələrdə effektiv tətbiq edilir: 

- İlk öncə ona görə effektlidir ki, qısamüddətli mühafizə orderi polis tərəfindən təqdim edilir və bu halda polisin nəzarət mexanizminə söykənir. İkinci psixoloji hal odur ki, polis bütün dünyada güc strukturu olaraq qanunun ali nümayəndəsi kimi qəbul edilir və onun təqdim etdiyi sənədin arxasında həm də vətəndaşın qanun qarşısında cavabdehliyi dayanır. Qeyd edilən statistik rəqəmin arxasında ehtimal ki daha çox qanunun icrasının məsuliyyətini dərk edən vətəndaş dayanır. Əksər vaxt mühafizə orderinin ciddiliyi və şəxsə qarşı toxunulmazlığı kimi bir düşüncə bir çox adamlarda qəbul edilən olmur. Onlar sadəcə bunu ciddiyə almır. İkinc bir amil isə, verilən mühafizə orderlərinə nəzərət mexanizmi yalnız vətəndaş müraciət edərsə mümkün olur . Əgər vətəndaş qorxusundan müraciət etmirsə və zorakılıq səssiz davam edirsə kim xəbər tutacaq?

M.Zeynalova qeyd etdi ki, məişət zirakılığının qarşısının alınmasında müsbət irəliləyişlərlə yanaşı mühafizə orderinə nəzarət mexanizmi üzərində yenidən işlənməsinə ehtiyac olduğunu düşünür.