...Naqif Həmzəyev kimi deputatlara “otur, oturduğun yerdə” deyirlər - Azər Həsrət

  • "Ölkədə məmurlar, nazirlər o qədər harınlayıblar ki, parlament nəzarətindən qorxmurlar"
  • "Parlament özü-özünü bu vəziyyətə salıb. Deputatlar nazirlərə söz deməyə cürət etmir, onlar da parlamenti saya salmırlar"

Millət vəkillərinin nazirlərdən, komitə sədrlərindən, müxtəlif dövlət qurumlarının rəhbərlərindən, icra başçılarından, hətta az qala “JEK” müdirlərindən gileyləri bitmək bilmir. “Bizə cavab vermirlər, telefonları açmırlar, müraciətlərə baxılmır, xahiş edirik, bizi saya salmırlar...” və sair bu kimi narazılıqlar zaman-zaman ölkənin ali qanunverici orqanı olan Milli Məclisdə deputatlar tərəfindən səsləndirilib.

Sonuncu belə çıxışa millət vəkili Naqif Həmzəyev “imza atıb”. O, “Açıq deyirəm, bizim adımız var, amma heç bir səlahiyyətimiz yoxdur”, - deyə bildirib. Deputat bunu sərt tonda deyil, sanki rica və xahiş edirmiş kimi ifadə edib. O, regionlardakı problemlərin heç olmasa yaxın 10 (!) ildə həll ediləcəyinə ümid bəsləyib.

Həqiqətənmi deputatların hər hansı səlahiyyəti yoxdur? Bunun səbəbi nədir?

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bunun parlamentin nüfuzu ilə bağlı məsələ olduğunu deyib:

“Görünür, ölkədə məmurlar, nazirlər o qədər harınlayıblar ki, parlament nəzarətindən qorxmurlar. Belə də olmalı idi. Bilirsiniz niyə? Çünki hansısa nazir gəlib parlamentdə hesabat verəndə, hər hansı məsələ ilə bağlı çıxış edəndə biz heç vaxt görməmişik ki, deputatlarımız onları küncə sıxışdırsınlar, çətin suallar versinlər. Ütülü-ütülü danışıb yola verirlər. Nəticə də belə olmalı idi, başqa necə olmalı idi ki?!

Yəni nazirlər görürlər ki, deputatlar onlara söz deməyə cürət etmirlər. Belə olan halda həmin nazirlər də, əlbəttə, deputatları saya salmayacaqlar. Bu, gözlənilən idi.

Ona görə də düşünürəm ki, bundan sonrakı mərhələdə parlamentin nüfuzunun bərpası üçün tədbirlər görülməlidir. Əlbəttə, mövcud tərkiblə bunu həyata keçirmək mümkün deyil. Birincisi, Ramiz Mehdiyev həbs edilib, amma onun adamlarının hələ də parlamentdə olduğu barədə danışılır. Onlar da, bilirsiniz, elə bir kateqoriyadırlar ki, ehtiyatlı davranır, kimisə “əsəbiləşdirmək” istəmir, başlarını aşağı salıb öz şəxsi işləri ilə məşğul olmağa üstünlük verirlər.

Belə olan halda, təbii ki, onlardan icra hakimiyyəti üzərində nəzarət funksiyasını tələb edə bilmərik. Ona görə də tamamilə yenilənmiş, sıfırdan formalaşdırılmış ciddi parlament seçilməlidir. Necə ki, Mətbuat Şurasının tərkibinin yenilənməsi prosesi baş verdi və indi görürük ki, yeni tərkib daha dinamikdir. Bu, yaxşı göstəricidir. Düşünürəm ki, parlamentlə bağlı da oxşar proses getməlidir”.

A.Həsrət qeyd edib ki, parlament sözü “danışmaq”, “fikir mübadiləsi aparmaq” mənasını verir. Onun sözlərinə görə, parlamentdə söz deyə bilən, danışmağı bacaran şəxslər əyləşməlidir:

“Parlamentə seçilən adamlarla bağlı yüz ölçüb bir biçmək lazımdır. Vacib məsələlərdə, yaxud ictimai rəyin formalaşmasında ön sıralarda olmalı olduqları halda susurlarsa, təbii ki, heç kim onları saya salmayacaq. Nə nazirlər, nə icra hakimiyyətləri, nə də ayrı-ayrı rəhbər şəxslər.

Niyə? Çünki parlament özü-özünü elə bir vəziyyətə gətirib çıxarıb ki, artıq nüfuz problemi yaşayır. Nəsə etmək istəyən tək-tük deputat var. Naqif Həmzəyev kimi deputatlara da yəqin ki, icra hakimiyyətindən, yaxud nazirliklərdən “otur, oturduğun yerdə” deyirlər. Məsələ belədir”.