“Azadlıq” mühitinə öyrəşmiş narkoman birdən-birə təcrid edildikdə buna dözmür. Psixoloji cəhətdən tam sağalana qədər bədən narkotik tələb edir"
Zaman- zaman Azərbaycanda fəaliyyət göstərən reabilitasiya mərkəzləri, işgəncə, dələduzluq və yaxud da digər faktlar səbəbindən gündəmə gəlir.
Bu dəfə isə bu mərkəzlərdən biri, “Qurtuluş” reabilitasiya mərkəzi tanınmış teleaparıcı Nəsimi Nəbizadə ilə diqqət mərkəzindədir.
Belə ki, Nəsimi mərkəzin rəhbərliyinin yanından şəhərdə gəzinti zamanı qaçıb. Mərkəz rəhbəri Nəsimi tapmaq üçün evlərinə getdiyini, ancaq onu tapa bilmədiyi deyiblər. Qeyd ediblər ki, müalicə olunmaq istəməyən adamı məcbur müalicə etmək, ümumiyyətlə, bir şəxs haqqında bu cür açıqlamalar vermək, qaçandan sonra axtarış üçün evinə getmək qanunsuzluqdur.
İctimaiyyət nümayəndələri isə mərkəz rəhbərliyinin bu addımının insan haqlarına zidd və qanunsuz olduğunu bildirib “ Bu cür mərkəzlər özlərini kim, nə hesab edir?”, “Sanki sağalma mərkəzləri yox, özlərinin şəxsi həbsxanalarıdır və istədikləri adamı zorla da olsa, burada saxlamaq istəyirlər” kimi rəylər səsləndirilib.
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov bu barədə sosial media hesabında paylaşım edib :
-Üç il bundan əvvəl bir reabilitasiya mərkəsinin rəhbərini və orada işləyən işçini hüquq mühafizə orqanları həbs etmişdi. Demək onlar mərkəzdə müalicə alan bir narkotik auldəçisini ayağından asıb işgəncə vermişdilər. Adamı o qədər döymüşdülər ki, işgəncəyə dözməyib ölmüşdü. İndi baxıram ki, bu kimi mərkəzlərin sayı lap çoxalıb. Əvvəla, bu mərkəzlərdə müalicə adı altında hansı tədbirlərin həyata keçirilməsi şübhə doğurur. Ora ali təhsilli həkimlər prosesə cəlb olunmur, müasir müalicə metodları yoxdur. Bir sözlə "türmə" qanunları ilə adamı saxlayırlar. Cəzaçəkmə müəssisələrində narkoman necə sağalırsa, burda da elə. Yəni narkotik tapa bilməyən adam bir müddətdən sonra normal həyata dönür, yemək yeyir, yatır və kökəlir. Hanslsa iynə və dərman bunun üçün lazım da deyil. Tək sağalma yolu narkotik maddənin əlçatmazlığıdır, başqa heç nə. Bu mərkəzlərin əksəriyyəti bu yolla varlanır. Bu səbəbdən belə mərkəzlərin fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunmalıdı, mütəmadi reydlər keçirilməlidir. Bundan başqa, bu cür mərkəzlərdə insanların məcburi qaydada saxlanılması ciddi qanun pozuntusudur. Narkoman məcburi müalicəyə yalnız məhkəmənin qərarı ilə cəlb oluna bilər və bu zaman o Səhiyyə və Ədliyyə Nazirliklərinin tabeliyində olan tibb müəssisələrində müalicəyə cəlb edilir. Reabilitasiya mərkəzlərinə müraciət və orda müalicə də ancaq könüllü olmalıdır. Kimisə zorla tutub aparıb orada müalicə adı altında saxlamaq cinayətdir”.
Sosial Təşəbbüs MMC rəhbəri Emil Maqalov, narkomaniya ilə mübarizə üzrə tanınmış ekspert Emil Maqalov “Sherg.az”a açıqlamasında bildirib ki, son illərdə narkotik asılılığından əziyyət çəkən insanların azalması dövlət qurumları ilə yanaşı, reabilitasiya mərkəzlərinin fəaliyyətinin nəticəsidir:
“Bu mərkəzlərin bəziləri narkomanların 50 faizini ödənişsiz qəbul edib müalicə edir. Doğrudur, bir çoxları bunu reklam kimi dəyərləndirir, lakin fərqi yoxdur, hansı məqsədlə edirlərsə etsinlər, nəticə etibarilə insan həyatını geri qaytarmağa kömək edirlər. Halbuki bu proses kifayət qədər mürəkkəb və uzunmüddətlidir.
Bu şəxslərin bir qismi tüfeyli həyat sürüb, bəziləri isə narkotik maddə əldə etmək üçün qeyri-etik və qanunazidd hərəkətlərə əl atıblar. Narkotik asılılığı elə bir bəladır ki, ağrılara dözə bilmədikdə onlar maddə tapmaq üçün istənilən pis hərəkəti edə bilirlər.
Reabilitasiya mərkəzlərinin fəaliyyəti hər nə qədər “lüks” kimi görünsə də, asılı şəxsləri 6 ay müddətində mərkəzdə saxlayıb müalicə etmək asan məsələ deyil. Əvvəlcə narkomanlar detoks mərhələsindən keçməli, onların dili ilə desək, “lomka”dan çıxmalıdırlar. Fiziki asılılıq adətən 15 günə, ən çoxu bir aya aradan qalxır. Lakin psixoloji asılılıqdan qurtulmaq daha çətin olur”.
E. Maqalov qeyd edib ki, Reabilitasiya mərkəzləri “12 addım” proqramı vasitəsilə onları bu çətin vəziyyətdən çıxarmağa çalışır və 60–70 faiz nəticə əldə edirlər:
““Azadlıq” mühitinə öyrəşmiş narkoman birdən-birə təcrid edildikdə buna dözmür. Psixoloji cəhətdən tam sağalana qədər bədən narkotik tələb edir və ilk fürsətdə mərkəzdən qaçmağa çalışır. Hətta aylıq 1000–1500 manat dəyərində olan mərkəzlərdə ödənişsiz müalicə almasına baxmayaraq, bəziləri oranı tərk edir və yenidən köhnə vərdişlərinə qayıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, reabilitasiya mərkəzlərinin heç də hamısı ideal deyil və onların da nöqsanları var. Bir çoxunun psixoloqu, bəzilərinin isə həkimi yoxdur. Bəzən narkotikdən azad olmuş şəxslər oradakı insanlara dərs keçir və faktiki olaraq “həkimlik” edirlər”.