Narkotiklə sükan arxasına keçənlərin sayı artır - SOS

Vətəndaşlar susmamalıdır, belə sürücülərə qarşı ictimai mübarizə güclənməlidir

Ekspert: “Bu, təkcə hüquqi deyil, sosial məsuliyyət məsələsidir!” 

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Fiat” markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevr etmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Sherg.az açıqlamasında bildirib ki, son dövrlərdə narkotik maddələrin təsiri altında sükan arxasına keçən sürücülərin sayında hiss edilən dərəcədə artım müşahidə olunur. 

 Ekspertin sözlərinə görə, bu hallar təkcə hüquq-mühafizə orqanlarının apardığı reydlər zamanı üzə çıxmır, eyni zamanda ictimai müşahidələr də riskin böyüdüyünü göstərir: “DYP əməkdaşları mütəmadi olaraq sürücüləri saxlayıb yoxlamalar aparır və bu kimi halları aşkar edirlər. Amma məsələ bununla bitmir. Cəmiyyətdə də məsuliyyət hissi formalaşmalıdır. Vətəndaşlar şübhəli hallar gördükdə susmamalı, narkotik maddə istifadə edən sürücülər barədə polisə məlumat verməlidir.

Narkotik təsiri altında avtomobil idarə etmək, sadəcə həmin şəxsin həyatı üçün təhlükə deyil, yolda olan bütün hərəkət iştirakçılarını həyati təhlükə ilə üz-üzə qoymaqdır. Bu, çox ciddi məsələdir. Narkotik qəbul etmiş şəxsin reaksiyası zəifləyir, qərarvermə qabiliyyəti pozulur, qəza ehtimalı dəfələrlə artır. Belə bir şəxs sükan arxasına keçəndə nə özü, nə də digərləri üçün təhlükəsiz mühit təmin edə bilər. Ona görə də cəmiyyət olaraq bu hallara biganə qalmamalıyıq. Bu problem təkcə hüquqi məsuliyyətlə deyil, həm də sosial məsuliyyətlə ölçülməlidir”.

E. Cəfərov hesab edir ki, profilaktik maarifləndirmə, ictimai nəzarətin gücləndirilməsi və hüquqi tədbirlərin sərtləşdirilməsi paralel şəkildə həyata keçirilməlidir. Bununla həm potensial qayda pozucularına mesaj verilmiş olur, həm də ictimai təhlükəsizliyin qorunmasına real töhfə verilir.