Odessanı soydaşlarımızın birlik qalasına çevirən vətənpərvər
Heç şübhə yoxdur ki, xalqımızın böyük və dəyərli nümayəndələrindən biri olan Natiq Nağıyevin adı həm Azərbaycan, həm də Ukrayna ictimaiyyətinə yaxşı məlumdur. Hər iki ölkədə uğurlu fəaliyyət ortaya qoyan Natiq Nağıyevin Odessadakı fəaliyyəti isə bir neçə aspektdən xüsusi önəm kəsb edir.
Yaxın keçmişə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukraynadakı nümayəndəsi vəzifəsində çalışan Natiq Nağıyev xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri onun Ukraynanın Odessa şəhərində fəaliyyət göstərdiyi müddət ərzində oradakı sodyaşlarımız arasında birlik və həmrəyliyin güclənməsinə xüsusi önəm verməsi, bu istiqamətdə böyük uğurlara nail olmasıdır.
Məhz Natiq Nağıyevin Odessadakı fəaliyyəti dövründə şəhərdəki soydaşlarımız arasında təşkilatlanma işi sürətlənib, soydaşlarımız arasında yardımlaşma ənənəsi əhəmiyyətli dərəcədə güclənib, Azərbaycan həqiqətlərinin Odessa ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində ciddi layihələr həyata keçirilib.
Ukrayna Azərbaycanlıları Konqresinin Odessa Vilayət Təşkilatının fəaliyyətinə dəstək verən Natiq Nağıyev, soydaşlarımızı şəhərin ictimai həyatında yaxından iştirak etməyə, Odessa cəmiyyətinə daha dərindən inteqrasiya etməyə sövq edib, Odessadakı azərbaycanlılar arasında sağlam münasibətlərin formalaşmasında, onların Azərbaycan həqiqətlərinin yayılmasında daha ciddi aktivlik sərgiləməsində mühüm rol oynayıb. Natiq Nağıyevin Odessaya gəlişindən sonra şəhərdəki azərbaycanlılar arasında birlik və həmrəyliyin artdığı, xalqımızın və dövlətimizin maraqları baxımından daha sistemli və təşkilatlanmış fəaliyyətin ortaya qoyulduğu birmənalıdır.
Bu baxımdan Natiq Nağıyev ismi hər şeydən öncə Odessanı soydaşlarımız üçün birlik qalasına çevirən əsl vətənpərvər kimi xarakterizə edilə bilər.
Azərbaycandan uzaqda Azərbaycana xidmət...
Natiq Nağıyevin Odessadakı fəaliyyəti dövründə diqqət yetirdiyi məqamlardan biri də gənc soydaşlarılmız arasında azərbaycançılıq ruhunun formalaşmasına, onların Azərbaycan dəyərlərinə sahiblənməsinə, bu dəyərlər əsasında yetişməsinə nail olmaq olub. Natiq Nağıyevin təşəbbüsü və yaxından iştirakı ilə Odessada milli bayramlarımız oradakı soydaşlarımızın yaxından iştirakı ilə milli ab-havada qeyd olunub, habelə, 20 Yanvar, Xocalı və Mart soyqırımlarının ildönümləri zamanı sadəcə Odessadakı azərbaycanlılar deyil, ümumilikdə Odessa ictimaiyyəti arasında bu hadisələrin mahiyyəti, erməni terrorizmi ilə bağlı tədbirlər keçirilib, tədbir iştirakçılarına ətraflı məlumatlar verilib, bununla bağlı kitablar, bukletlər çap olunub. Məhz aparılan bu təbliğatlar nəticəsində Odessa ictimaiyyətinin Qarabağ həqiqətləri haqqında daha dolğun, daha obyektiv məlumat alması təmin olunub.
Odessadakı soydaşlarımız arasında müxtəlif idman turnirlərinin və bilik yarışlarının keçirilməsi, bu tədbirlər zamanı iştirakçıların maarifləndirilməsinə xüsusi diqqət yetirilməsi də Natiq Nağıyevin Odessadakı fəaliyyətinin ayrılmaz tərkib hissəsi olub.
Natiq Nağıyev Odessada Əhməd Cavad adına həftəsonu məktəbinin fəaliyyətinə də dəstək olub, məktəbin imkan və fəaliyyət dairəsinin genişləndirilməsinə çalışıb.
Natiq Nağıyev Azərbaycan mədəniyyətinin, Azərbaycan dəyərlərinin Odessada təbliğində də yaxından iştirak edib, bu sahədə böyük uğurlara imza atıb.
Azərbaycan-Ukrayna dostluğuna qazandırılan töhfə
Odessadakı fəaliyyəti dönəmində soydaşlarımıza hər şeydən öncə mənəvi dəstək olan, onları Azərbaycanın maraqları uğrunda səfərbər edən Natiq Nağıyev və digər azərbaycanlıların mühüm xidmətlərindən biri də onların Azərbaycan-Ukrayna dostluğunun inkişafına təkan verməsi, hər iki xalq arasında münasibətlərin daha da inkişafı üçün konkret addımlar atmasıdır.
Fəaliyyətinin ilk günlərindən Azərbaycan və Ukrayna xalqlarının tarixi keçmişinə, apardıqları birgə mübarizələrə diqqət çəkən Natiq Nağıyev, bu tarixin Odessa ictimaiyyəti arasında təbliğinə xüsusi diqqət yetirmişdir.
İkinci Dünya Müharibəsi zamanı Odessa uğrunda gedən döyüşlərdə 27 nəfər azərbaycanlı həlak olması, iki nəfər soydaşımızın Sovet İttifaqı Qəhrəmanı adı alması kimi faktlar ictimaiyyiləşdirilmiş, Azərbaycan xalqının nümayəndələrinin Ukrayna torpaqlarının müdafiəsindəki tarixi xidmətləri iki xalqın dostluq-həmrəylik nümunəsi kimi təqdim edilmişdir.
Odessa şəhərinin ictimai-siyasi fəallarını bu şəhərdə Azərbaycanla bağlı keçirilən tədbirlərə dəvət edən Natiq Nağıyev, onları Azərbaycanın milli adət-ənənəsi, dəyərləri, habelə Qarabağ həqiqətləri, xalqımızın və dövlətimizin erməni terrorizminə qarşı apardığı mübarizə haqqında ətraflı məlumatlandırmış, şəhərin azərbaycanlı və ukraynalı sakinləri arasında daha doğma münasibətin formalaşmasına təkan vermişdir.
Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək
Odessadakı fəaliyyəti dövründə dövlətimizin maraqlarının müdafiəsi yönündə ciddi səylər ortaya qoyan Natiq Nağıyev və onun əqidə yoldaşları 27 sentyabr - Vətən Müharibəsinin ilk günündən etibarən ordumuza dəstək məqsədi ilə ciddi addımlar atıb. Odessadakı soydaşlarımızın da yaxından iştirakı ilə orduya ərzaq və qeyri-ərzaq məhsulları ilə dəstək verən, onlarla həmrəylik sərgiləyən Natiq Nağıyev, şəhid ailələri, hazırda cəbhədə olan hərbçi ailələrinə də yardımlar etməkdədir.
Və bütün bu fəaliyyətin araxasında isə bir məqsəd dayanır: ordumuzun qələbəsinə töhfə vermək, dövlətimizlə həmrəylik sərgiləmək, işğaldakı torpaqlarımızın son qarışına qədər azad edilməsinə nail olmaq...
Seymur ƏLİYEV