"Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Bundan əvvəl Ukrayna nümayəndə heyəti Avropa İttifaqı və ABŞ nümayəndələri ilə məsləhətləşmələr keçirilib. Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, eləcə də ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər".
Bunu Sherg.az-a politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, Rusiya ilə müzakirələrdən əvvəl keçirilən məsləhətləşmələr Ukrayna üçün müttəfiqləri ilə koordinasiyanı gücləndirmək baxımından əhəmiyyətlidir:

" Bu məsləhətləşmələr vasitəsilə Ukrayna müttəfiqləri ilə vahid mövqedən çıxış etməyə çalışır. Avropa dövlətlərinin məsləhətləşmələrdə iştirakı Kiyev üçün ona görə vacibdir ki, ABŞ Rusiya ilə danışıqlarda Ukraynanın və Avropanın təhlükəsizlik məsələlərini nəzərə alsın. Ukraynanın Əbu-Dabi danışıqlarında əsas hədəfi hərbi əməliyyatların dayandırılması, etibarlı təhlükəsizlik zəmanətlərinin əldə edilməsi, ölkənin iqtisadi bərpasını təmin etmək və humanitar məsələlərin həllidir. Rusiyanı üçtərəfli görüşdə Prezidentin köməkçisi Vladimir Medinski təmsil edir. Kremlin müharibəyə baxışında dəyişiklik yoxdur. Bu səbəbdən Əbu-Dabi görüşündən müharibənin dayandırılacağını gözləmək çətindir. Halbuki, Əbu-Dabi danışıqları Rusiya üçün cəbhəboyu atəşkəsə razılaşmaq üçün yaxşı fürsətdir".
Analitik vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik fəallığını artırıb:
"O Türkiyəyə səfərində Ankaranın vasitəçillik təşəbbüslərinə müsbət yanaşdığını bir daha vurğulayıb. Zelenski Ankaranın Kremlə təsir etməsini istəyir. Bundan başqa Ankara kimi Kiyev də Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz şəkildə yük daşımalarının tərəfdarıdır. Bu mövzu Ankarada geniş müzakirə olunub. Volodimir Zelenski bu mövzunu daha sonra noyabrın 9-da telefonla Hindistanın Baş naziri Narendra Modi ilə müzakirə edib. Liderlər telefon danışığı zamanı Qara dənizdə taxıl dəhlizinin fəaliyyətinin bərpası məsələsini müzakirə ediblər. Ukrayna Prezidenti və Hindistanın baş naziri Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində diplomatik səyləri və Hindistanın bu prosesə töhfə verə biləcəyi sahələri müzakirə ediblər. Zelenski telefon danışığından sonra bildirib ki, Hindistan ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazırdır və bu istiqamətdə səylərin davam etdiriləcəyinə ümid edirik. Öz növbəsində Narendra Modi telefon danışığından sonra "X" sosial şəbəkəsində paylaşım edərək Dehlinin Moskva ilə Kiyev arasında münaqişənin nizamlanmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Yeni Dehli müharibədə neytral mövqe tutsa da, tərəflərə müharibəni biritməklə bağlı çağırışlar edir".
Ekspert əlavə edib ki, Qara dənizdə ticarət gəmilərinin sərbəst hərəkəti bir çox dövlət üçün əhəmiyyətlidir:
"Kremlin Qara dəniz yollarını bloklamağa çalışması, ticarət gəmilərinə təhlükə yaratması müxtəlif ölkələrlə yanaşı Rusiya iqtisadiyyatına da mənfi təsir edir. Buna baxmayaraq, Kreml müxtəlif ölkələrin Qara dəniz üzərindən Ukrayna ilə ticarət aparmasını əngəlləmək siyasətindən imtina etmir. Belə olan halda Ukrayna da Qara dənizdə Rusiyaya ciddi problemlər yaradır. Əbu-Dabidə tərəflər arasında böyük razılaşmanın əldə edilməsi çətin olsa da, Qara dənizlə bağlı razılaşma müharibənin miqyasını azaldardı".