
Politoloq: Xocalı qatillərinin ölkəmizə təhvil verilməsinə nail olacağıq
Yusif Nəzərli
11:12 09.05.2025
Aktual
584
Artıq üçüncü dəfə kütləvi məzarlıqların aşkarlanması Ermənistan tərəfinin həyasızcasına yalanlarını ifşa edir
İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan axtarış prosesləri nəticəsində kütləvi məzarlıqların aşkar edilməsi artıq ənənəvi hal alıb. Bu günlərdə Xocalı və Şuşada kütləvi məzarlıqların aşkarlanması da bu prosesin davamıdır. Xocalıda kütləvi məzarlıqda aşkarlanan insan skeletlərinin qalıqlarının 7 nəfərə aid olduğu bildirilir. Xatırladaq ki, bundan əvvəl isə Xocalıda ötən ilin fevralında iki dəfə kütləvi məzarlıq aşkarlanıb. Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkar edilən qalıqların isə ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir və onların əksəriyyəti qadınlardır. Meyit qalıqlarının üzərində zorakılıq faktları aşkar görünür. Meyitlərin kəllə, ayaq, əl sümüklərində küt alətlərlə vurulmuş zədə izləri var.
Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Xocalıda və Şuşa-Xankəndi yolunda aşkarlanan kütləvi insan qalıqları Ermənistan tərəfindən törədilən beynəlxalq cinayətlərin əyani sübutudur. Ekspert bildirib ki, bütün bunlar ermənilərin azərbaycanlılara qarşı milli-etnik ədavət zəminində törətdiyi insanlığa qarşı cinayətləri, təcavüz cinayətini, kütləvi qətliamları təsdiqləyir:

"Beləliklə, Ermənistan tərəfindən uzun müddət ərzində Azərbaycana qarşı aparılan təcavüzkar siyasətin izləri artıq yavaş-yavaş üzə çıxır. Bildiyimiz kimi Ermənistanın təcavüzkar-işğalçı siyasəti nəticəsində Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Daha konkret desək, 3990 nəfər itkin düşmüş şəxs rəsmi qeydiyyata alınıb. Son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə (identifikasiya) prosesləri nəticəsində həmin 3990 nəfər şəxsdən 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilib. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin kimliyi müəyyənləşdirilərək qalıqları ailələrinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi isə davam edir. Bu günlərdə Xocalıda və Şuşa yolunda aşkarlanan növbəti kütləvi məzarlıqlardakı meyit qalıqlarının da laboratoriyada analiz və eyniləşdirmə işləri aparılacaq".
Analitik qeyd edib ki, Xocalıda artıq üçüncü dəfə kütləvi məzarlıqların aşkarlanması Ermənistan tərəfinin həyasızcasına yalanlarını ifşa edir:
"Çünki bundan əvvəl Ermənistan tərəfi uzun müddət Xocalı soyqırımı ilə bağlı bəyanatlarında dünya birliyini inandırmağa çalışırdı ki, guya, həmin vaxt mülki əhalinin Xocalını tərk etməsi üçün onlara dəhliz açılıb. Ancaq son bir neçə ayda Xocalıda tapılan kütləvi məzarlıqlar isə bunun tam əksini deyir. Heç bir humanitar dəhliz-filan olmayıb. Kütləvi məzarlıqlar Ermənistanın törətdiyi soyqırımı faktını sübut edir. Bu məzarlıqlar müvafiq qurumlarımız tərəfindən qeydiyyata alınıb sənədləşdirilir. Aşkar edilən çoxsaylı insan qalıqları və zorakılıq faktları hazırda Bakıda məhkəməsi davam edən erməni separatçılarının cinayətlərini sübut etmək və eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd olaraq insanlığa qarşı cinayətlərini ifşa etməyə imkan verir. Birinci Qarabağ müharibəsi zamanı və işğal dövründə törədilən çoxsaylı müharibə cinayətlərinin üzə çıxarılması Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyətini daha da artırır. Nə hazırkı Ermənistan rəhbərliyi, nədəki müharibə cinayətlərinin törədilməsində birbaşa iştirak etmiş Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi canilər məsuliyyətdən yayına bilməzlər. Rəsmi Bakı Xocalı qatillərinin ölkəmizə təhvil verilməsinə nail olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət