“Cənab Prezident İlham Əliyevin son mətbuat konfransında gənclərin yetişdirilməsi, peşəkar kadr potensialının gücləndirilməsi və elmin təhsillə real inteqrasiyası ilə bağlı verdiyi mesajlar olduqca strateji çağırışlardır”.
Bu fikirlər millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, tibb üzrə elmlər doktoru, həkim-cərrah Rəşad Mahmudova məxsusdur. R.Mahmudov bildirib ki, cənab Prezidentin yanaşması onu göstərir ki, ölkəmizin gələcək inkişaf modeli yalnız təbii resurslara deyil, məhz elmi biliklərə, beynəlxalq səviyyəli tədqiqatlara və rəqabətqabiliyyətli insan kapitalına əsaslanmalıdır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı islahatlar, gənclərin qlobal elmi mühitə inteqrasiyası və müasir tədqiqat mərkəzləri ilə əməkdaşlığı ölkəmizin dayanıqlı inkişafının əsas sütunlarından biridir.
Xüsusilə gənclərin yalnız diplom sahibi deyil, düşünən, tədqiqat aparan və praktik bacarıqlara malik mütəxəssis kimi formalaşdırılması bu günün və sabahın əsas tələbidir. Bu baxımdan, təhsil-elm-istehsalat əlaqələrinin gücləndirilməsi milli təhlükəsizlik və iqtisadi sabitlik məsələsi kimi də qiymətləndirilməlidir.
İnsan kapitalına edilən hər bir sistemli investisiya, əslində, Azərbaycanın gələcəyinə edilən ən etibarlı sərmayədir.