Prezidentin müsahibəsi müasir Azərbaycanın yeni siyasi erasını elan etdi - ŞƏRH

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı ölkədə və regionda baş verən əsas ictimai-siyasi proseslərə toxunub, daxili və xarici siyasətin əsas istiqamətləri, sosial-iqtisadi inkişaf, təhlükəsizlik məsələləri, eləcə də il ərzində reallaşdırılan mühüm layihələr barədə fikirlərini bölüşüb. Qeyd edək ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr artıq dövlət–cəmiyyət münasibətlərində formalaşmış mühüm ənənəyə çevrilib. Hər ilin yekunlarına həsr olunan bu müsahibələrdə ölkə rəhbərinin birbaşa və açıq ünsiyyət formatında səsləndirdiyi fikirlər cəmiyyəti maraqlandıran aktual suallara aydınlıq gətirməklə yanaşı, dövlət siyasətinin məntiqini, ardıcıllığını və prioritetlərini daha aydın anlamağa imkan yaradır. Bu müsahibələr eyni zamanda görülən işlərin hesabatı, gələcək dövr üçün yol xəritəsi və milli maraqlara əsaslanan siyasətin ictimai təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Şahin Seyidzadə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə müasir Azərbaycan tarixində yeni bir mərhələnin siyasi, diplomatik və ideoloji konturlarını aydın şəkildə ortaya qoyur. Deputatın fikrincə, bu müsahibə təkcə ilin yekunlarına dair hesabat xarakteri daşımır, eyni zamanda postmünaqişə dövründə Azərbaycanın regional və qlobal mövqeyini müəyyən edən strateji baxışın sistemli təqdimatıdır:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, 2025-ci il Azərbaycan üçün tarixi il kimi qiymətləndirilə bilər. Məhz bu il Ermənistan–Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulmuş, Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəni beynəlxalq siyasi müstəvidə hüquqi-siyasi möhürlə təsdiqlətmişdir. Bu hadisə müstəqil Azərbaycanın tarixində xüsusi yer tutur və dövlətçilik salnaməsində dönüş nöqtəsi kimi dəyərləndirilir. Dövlət başçısı diqqətə çatdırır ki, Azərbaycan xalqı müstəqillik dövrünün böyük hissəsini müharibə və onun müxtəlif mərhələləri şəraitində yaşamışdır. Atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, antiterror tədbirləri və nəhayət, tam suverenliyin bərpası ilə nəticələnən proseslər xalqın və dövlətin psixoloji, siyasi və təhlükəsizlik şüurunda dərin izlər buraxmışdır. Məhz buna görə də sülh şəraitində yaşamaq Azərbaycan cəmiyyəti üçün yeni, lakin arzu olunan bir reallıqdır. Prezidentin fikrincə, sülh artıq abstrakt anlayış deyil, konkret siyasi və iqtisadi nəticələr verən bir mühitdir. Cəmi bir neçə ay ərzində sülhün bəhrələri həm daxili sabitlikdə, həm də beynəlxalq münasibətlərdə özünü göstərməkdədir. Cəmiyyətdə sabitliyə və təhlükəsizliyə olan inamın artması, investisiya mühitinin daha da möhkəmlənməsi və sosial əhvali-ruhiyyənin yüksəlməsi bu reallığın əsas göstəricilərindəndir”.

Deputat qeyd edib ki, müsahibədə xüsusi yer tutan məsələlərdən biri də Azərbaycanın beynəlxalq mövqeyinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir: “Prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, Azərbaycan artıq regional proseslərin obyektinə deyil, subyektinə çevrilmişdir. Bu status təkcə hərbi qələbə ilə deyil, ardıcıl, praqmatik və müstəqil xarici siyasət kursu ilə təmin edilmişdir. Sülh prosesinin beynəlxalq legitimliyi, paraflanmış sülh sazişi və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə Azərbaycanın diplomatik uğurlarının kulminasiya nöqtəsi kimi təqdim olunur. Bu sənədlər təkcə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına deyil, bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayır ki, Azərbaycan bu prosesi güc mövqeyindən, lakin məsuliyyət və müdriklik nümayiş etdirərək aparmışdır. Tarixi ədalətin bərpası intiqamla deyil, hüquq və siyasi məsuliyyətlə reallaşdırılmışdır. Bu yanaşma Azərbaycanın beynəlxalq imicini daha da gücləndirmiş, onu etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi tanıtmışdır”.

Ş. Seyidzadənin sözlərinə görə, müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan üçün sülh yalnız müharibənin olmaması deyil, inkişaf, əməkdaşlıq və uzunmüddətli təhlükəsizlik deməkdir. Prezident İlham Əliyevin təqdim etdiyi konsepsiya da müasir dövlət idarəçiliyinin rasional və realist modelidir.