Qışa niyə hər il hazır deyilik? - Hüquq müdafiəçisi cavab istəyir

Səriştəsiz adamlar vəzifəyə gətirilir, ona görə də nöqsanlar artır

Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranması abonentlər arasında narazılıq yaradıb. “Azərişıq” ASC-nin məlumatında bildirilir ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçirilir. Bu səbəbdən bu gün səhər saat 10:00-dan axşam 17:00-dək “Embawood” zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bildirilir ki, təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Hər dəfə payız mövsümündə kommunal sahədə təmsil olunanlar qışa hazırlıq prosesinin başlandığını elan edirlər. Lakin qış gəlməmiş problemlər baş qaldırır, eləcə də qış ayları ərzində. Yayın istisində su borularını dəyişirlər, əhali günlərlə susuz qalır. Qışda qaz xətlərini təmir etməyə başlayırlar, əhali qazsız qalır, elektrik enerjisi də belə; səhərdən axşamadək kəsilir, hardasa təmir-təftiş aparılır deyə.   

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu sahəyə bələd olduğundan qışa hazırlığın qənaətbəxş aparılmadığı fikrindədir: 

- Qışa hazırlıq qış qurtarandan sonra dərhal başlamalı, növbəti ilin qış mövsümünə hazırlıq aparılmalıdır ki fəsadlar araşdırılsın, harada, hansı sahədə problem varsa, təmirə ehtiyac duyulursa həmin işlər görülsün. Növbəti ildə qış mövsümündə problemlər, dayanmalar, qaz, işıq kəsintisi olmasın. Bu sahələr təkcə baş idarələrdən ibarət deyil. Hər sahə üzrə rayon və ya regional şöbələr, idarələr var. Onlar tərəfindən mütəmadi yoxlamalar aparılmalıdır. Fəaliyyətdə nöqsanların səbəbi həm də budur ki, işə qəbuledilmədə qohumbazlıq hökm sürür. Əməkdaşları savadına, bacarığına, təcrübəsinə görə yox, qohumluq əlaqələrinə görə işə qəbul edirlər. Səriştəsiz adamlar vəzifəyə gətirilir. Ona görə də nöqsanlar artır. Son aylarda ölkədə nə qədər yanğın hadisələri, dəm qazından zəhərlənmələr, partlayışlar baş verib. İnsan tələfatı olub. İndiyədək rəhbər şəxslərdən kimsə cəzalandırılıbmı, işdən kənarlaşdırılıbmı? Yox. Belə faciələrin günahı həmişə vətəndaşın üzərində qalır. Qışa hazırlıq niyə aşağı səviyyədə olmalıdır? Qış vaxtı niyə əhalini əziyyətə salırlar? Ötən ilin son və yeni ilin ilk günləri abonentlər qaz sayğaclarına qaz yükləyə bilmədi. Hətta etirazlar da oldu Sumqayıtda. Abonentlər məhkəməyə verməli idi, “Azəriqaz”ı. Dəymiş ziyana görə. Çünki abonentlərlə müqavilə bağlanır, istər “Azərişıq”, istər Azəriqaz”, istərsə Dövlət Su Ehtiyatları Agentliyi ilə. Müqavilədə tərəflərin öhdəliyi qeyd olunur. Abonent ödənişləri vaxtlı-vaxtında etməli, bu qurumlar da əhalini 24 saat daimi işıq, qaz və su ilə təmin etməlidir. Təmin etmirlərsə, cavabdehlik daşımalıdırlar. Amma kimsə məsuliyyətə cəlb olunmur. Abonentlər də hüquqlarını bilmir. Onlar da bilirlər ki əhali məhkəməyə müraciət etməyəcək, şikayət etməyəcək, ona görə də kefləri istəyən kimi idarə edirlər. Cəzasızlıq sindromu cinayətin inkişafıdır. Səbəb cəzasızlıqdı. Qış günlərində niyə əhaliyə əziyyət verilməlidir? Buna cavabdehlik daşıyanlar cəzasız qalırlarsa, deməli, rəhbərlikdə əyləşənlər də məsuliyyət daşımalıdır.