Qiymətlərin qalxması davam edəcək - İqtisadçı

Bununla yanaşı əmək haqları və pensiyalar da qalxmalıdır

"Görünən odur ki, çıxış yolu axtarılır və bu baxımdan, saathesabı məsələsi boşuna ortalığa atılmayıb və Əmək Məcəlləsinə dəyişiklik edilib. Bu, əmək haqqının idarə edilməsi üçündür"

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz təşkil edib. Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, ucuzlaşma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib. 

2026-cı ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərində olub. 

Ərzaq məhsullarının qiymət artımını şərh edən iqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, faktiki inflyasiya göstərilən rəqəmdən yüksəkdir. Bu baxımdan qiymətlərin qalxması davam edəcək:

- Məsələnin digər tərəfi ondadır ki, bununla yanaşı əmək haqları və pensiyalar da qalxmalıdır. Görünən odur ki, çıxış yolu axtarılır və bu baxımdan, saathesabı məsələsi boşuna ortalığa atılmayıb və Əmək Məcəlləsinə dəyişiklik edilib. Bu, əmək haqqının idarə edilməsi üçündür. Qaldı ki mövsümü məhsullarla bağlı bazarda qiymətləri tənzimlək xarici mallardan asılıdır artıq. Misal üçün, pomidorun qiyməti qış ayı olmasına baxmayaraq – yəni mövsümü deyil, amma qiymət yay ayı ilə müqayisə olunur. Bu da onu göstərir ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi bir müddət sonra xarici bazardan aslı vəziyyətdə olacaq. Konkret bu sahəfə bir çox nöqsanlar var. Kadr təyinatından tutmuş idarə mexanizminə kimi.