Rüsumun yarıbayarı azaldılmasında əsas məqsəd sahibkarların maliyyə yükünü azaltmaqdır
Qoyun və donuz ətinin üzərinə nişanın qoyulması, bir müayinə üçün dövlət rüsumunun məbləğinin 2 dəfə azaldılması təklif edilir. Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qoyun və donuz ətinin (1 cəmdək), donuz piyinin (1 partiya) baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsinə və ya məhsulların üzərinə nişanın qoyulmasına görə 4 manat dövlət rüsumu müəyyən edilib. Halbuki qaramal və digər iri heyvanların bir cəmdəyi üçün 5 manat rüsum nəzərdə tutulub.
Belə olan halda, çəkisi daha az olan və daha çox kəsimə təqdim edilən qoyun cəmdəyi üçün 4 manat rüsum kifayət qədər yüksək məbləğ hesab olunur. Təhlillər də göstərib ki, qeyd olunan dövlət rüsumu sahibkarlar üçün əlavə maliyyə yükü yaradır. Bu isə heyvan mənşəli məhsulların maya dəyərinə, nəticə etibarilə satış qiymətlərinə təsir göstərir.
Eyni zamanda, mövcud rüsum məbləği bəzi hallarda qanunsuz heyvan kəsimi fəaliyyətinə rəvac verən amillərdən biri kimi qiymətləndirilə bilər. Bu səbəbdən həmin xidmət üzrə dövlət rüsumunun 4 manatdan 2 manata endirilməsi nəzərdə tutulur.
Rüsumun azaldılması qoyun ətinin qiymətinin də aşağı düşməsinə səbəb ola bilərmi?
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirib ki, bu dəyişikliyin əsas səbəbləri və məqsədləri aydındır. Əsas məqsəd sahibkarların maliyyə yükünü azaltmaqdır:
“Çəkisi qaramala nisbətən az olan qoyun əti üçün 4 manatlıq rüsum həqiqətən də yüksək məbləğ hesab olunur. Bu, məhsulun maya dəyərinə təsir edərək satış qiymətlərini artırır. Rüsumun yarıbayarı azaldılması sahibkarlar üçün dəstək rolunu oynayır. Bununla yanaşı, qanunsuz kəsimin qarşısının alınması da hədəflənir.
Rüsumun yüksək olması sahibkarları qanunsuz kəsimə sövq edən amillərdən biridir. Hesab etmək olar ki, rüsumun endirilməsi rəsmi və təhlükəsiz kəsim mexanizmlərinə marağı artırmağa xidmət edəcək.
Rüsumun azaldılması ətin qiymətinin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Lakin qiymətin həqiqətən aşağı düşüb-düşməyəcəyi kəsim fəaliyyəti ilə məşğul olan sahibkarlardan asılıdır. Hər halda, bu dəyişiklik ətin qiymətinə təsir göstərməlidir”.