Qurana qarşı hörmətsizlik etməyə gərək yoxdur - Araşdırmaçı jurnalist

"Mümkündür ki, Quran yandırmaqla aksiyalara siyasi rəng qatmaq və cəmiyyətdə qarşıdurma yaratmaq istəyən qüvvələr bunu edə bilərlər"

İranda Həmədan şəhərində bir qrup etirazçı Quranı və digər dini kitabları yandırıb. Teleqraf xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. Məlumata görə, 1 yanvar axşamı Həmədan şəhərinin Sədəf rayonunda etirazçılar bir neçə dini kitabı, o cümlədən Quranı yandırıblar. Təxminən 20 nəfərdən ibarət digər bir qrup isə şəhərdəki məscidlərdən birinə hücum etməyə çalışıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücumun qarşısını alıblar. 

Xatırladaq ki, Tehranın mərkəzində dekabrın 29-da başlanan etirazlara İran rialının məzənnəsinin kəskin ucuzlaşması olub. Ticarətçilər buna etiraz edərək aksiyalara başlayıblar. 

Araşdırmaçı jurnalist Kənan Rövşənoğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rəsmən dini dövlət olan İranda Qurani-Kərim yandırilırsa, əlbəttə, bu, təxribatdir: 

- Çünki əgər insanlar sosial iqtisadi vəziyyətdən narazıdırsa bunun üçün Qurana qarşı hörmətsizlik etməyə gərək yoxdur. Narazılığın səbəbi məlumdur. Ancaq bir məsələ var ki İranda hakimiyyətdə islamçı hökumət olduğu üçün bir mənada hakimiyyətə qarşı olan qüvvələr İslam dini və dini atributları hədəfə alirlar. Biz bunun nümunələrini daha əvvəl də görmüşük. Mümkündür ki, Quran yandırmaqla aksiyalara siyasi rəng qatmaq və cəmiyyətdə qarşıdurma yaratmaq istəyən qüvvələr bunu edə bilərlər. İran cəmiyyəti dindar cəmiyyətdir, bu cür Quran yandırma hadisələri cəmiyyətdə bölünməni dərinləsdirə, qarşıdurmani daha təhlükəli məcraya yönəldə bilər.