Şəhərdə təhlükəsizliklə bağlı işlər mütəmadi icra olunmalıdır
Yasamal rayonu, MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb. Artıq 3 ildir istismara verilmiş binada ciddi təhlükəsizlik problemi qeydə alınıb. MİDA-2 Yaşayış Kompleksinin 19-cu binasının fasad örtüyü güclü küləyin təsiri nəticəsində qoparaq əraziyə səpələnib. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin qopan üzlük hissələrinin yerə səpilməsi nəticəsində ərazidəki nəqliyyat vasitələrindən birinə maddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, hadisə daha ağır nəticələrə yol aça bilərdi və bu cür vəziyyət xüsusilə küləkli havalarda ərazidə yaşayan insanlar üçün real təhlükə yaradır. Binanın nisbətən yeni inşa edilməsinə baxmayaraq, fasad elementlərinin qısa müddətdə sıradan çıxması tikintinin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.
Hadisənin yaranma səbəbləri barədə “Sherg.az”a danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, hər dəfə havanın kəskin dəyişməsi, güclü külək, yağış, qar olacağı xəbərləri Fövqəladə Hallar Nazirliyi və Daxil İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyatı üzrə vətəndaşlara, yol hərəkəti iştirakçılarına müraciət olunur, xəbərdarlıq edilir. Reklam lövhələrinin, dəmir konstruksiyaların, ağacların altında dayanmamaq, avtomobil yollarında sürəti artırmamaq, piyadalara da yol hərəkıti qaydalarına riayət etmələri tövsiyə olunur: 
- Amma görürük ki, gözlənilmədən hansısa xoşagəlməz hadisə baş verir, təhlükəli vəziyyət yaranır. Bu da tikinti şirkətlərinin səhlənkarlığının nəticəsidir. Dəfələrlə belə hadisələr olub, binaların üzlüklərinin yanğına davamlı olmadığı, elektrik naqillərinin düzgün çəkilmədiyi, qaz sızmaları və sair bu kimi təhlükəli hallar yaranıb və təəssüf ki tələfat da olub. Tikinti zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Təhlükəsizlik qaydaları nədir? Təkcə o deyil ki, fəhlələr kaska taxmalıdır, qoruyucu kəmərləri olmalıdır və sair. Həm də bina inşa edilərkən elektrik, qaz, su çəkilişi zamanı normalar, standartlar var ki, onlara əməl olunmalıdır. Binanın fasad örtüyündən daş, üzlük material qopub yerə düşürsə, deməli, iş keyfiyyətsiz görülüb. Bakı küləkli şəhərdir, bəzən küləyin sürəti saniyədə 25-30 metrə çatır. Bunu hamı bilir, eləcə də iş adamları, şəhər təsərrüfatına cavabdeh qurumlar, şəxslər, amma səhlənkarlıq edirlər, vəzifələrini layiqincə yerinə yetirmirlər. Bir növ, başdansovdu iş görürlər. Reklam lövhəsi möhkəm bərkidilməlidir ki yıxılmasın, plakatlar qopub insanların üzərinə düşməsin, təmir-tikinti aparılan ərazilər hündürlük nəzərə alınaraq hasara alınmalıdır, müdafiə toru qurulmalıdır. Dəmir konstruksiyalar möhkəm bağlanmalıdır ki, piyadaların üzərinə bərk cisimlər düşməsin. Paytaxtda güclü külək olanda bəzən ağaclar aşır. Yaşıllıqlara daim nəzarət olmalıdır, bilinməlidir, harada hansı ağaclar kövrəkdir, ömrünü başa vurmaq üzrədir, kökü çürüyüb, təhlükəlidir, aşa bilər. Elə gərək kiminsə üzərinə yıxılsın, ya hansısa avtomobilin üzərinə düşüb zədələsin, sonra kəsilib çıxarılsın? Şəhərdə təhlükəsizliklə bağlı işlər mütəmadi icra olunmalıdır.