Rusiya mediası yalan xəbərlər yayır: Kreml türk dövlətlərinin inteqrasiyasından narahatdır

"Rusiyanın aparıcı mediasında Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti barədə yayımladıqları məqalələrin eyni mərkəzdə hazırlandığı qənaətinə gəlmək olar. Məqalələrdəki cümlələr də bir-birinə oxşayır". 
Bu barədə politoloq Elxan Şahinoğlu deyib. 
Ekspert vurğulayıb ki, Rusiya mediası yayımladığı məqalələrdə oxucularda sammitin nəticələri barədə mənfi təəssürat yaratmağa çalışıb:
 "Kremlin nəzarətindəki media əsas 3 məqamı önə çəkib. Birincisi, yazıblar ki, Prezident İlham Əliyevin sammitdəki çıxışında gələn il Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri barədə təklifi guya digər üzvlər tərəfindən dəstəklənməyib. İkincisi, Mərkəzi Asiyanın türk dövlətləri Türkiyənin istəyi ilə Şimali Kipr Respublikasını rəsmən tanımaq istəmirlər. Üçüncüsü, Türkmənistan təşkilata əvvəlkitək üzv olmaq istəmir. Sammitdə çıxış edən liderlər müxtəlif təkliflər veriblər və bu təkliflərin hamısı araşdırılacaq. Bu baxımdan dövlət başçısı İlham Əliyevin birgə hərbi təlimlər barədə təklifinin də reallaşması ehtimalı yüksəkdir. Rusiya mediası diqqəti ona çəkir ki, Prezident İlham Əliyev birgə hərbi təlimləri təklif etdikdən sonra digər üzv dövlətlərin liderləri bu təklifə münasibət bildirməyiblər. Kremlin nəzarətindəki media buradan yanlış olaraq belə nəticə çıxarıb ki, Mərkəzi Asiya ölkələrinin liderləri birgə hərbi təlimlərdə maraqlı deyillər. Ona qalsa, dövlət başçısı İlham Əliyev də digər liderlərin təkliflərinə münasibət bildirməyib. Ancaq bu o demək deyil ki, Azərbaycan tərəfi Qazaxıstan və Özbəkistan prezidentlərinin müxtəlif mövzulardakı təkliflərinin reallaşmasında maraqlı olmayacaq".
Analitik qeyd edib ki, Kreml mediası onu da yazıb ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan Türk Dövlətləri Təşkilatı çərçivəsindəki hərbi təlimlərdə iştirak etməyəcək:
 "Halbuki, Türkiyə və Azərbaycan Qazaxıstanla hərbi əməkdaşlığı genişləndiriblər. Son illərdə 3 dövlət arasında müxtəlif səviyyələrdə hərbi təlimlər keçirilib. Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlüyünə gəldikdə, Türkiyə və Azərbaycan bu dövlətin üzvlüyünü dəstəkləyir, Mərkəzi Asiya ölkələri bu məsələyə ehtiyatla yanaşırlar. Rusiya mediası Mərkəzi Asiya ölkələrinin Qəbələdə Şimali Kipr Respublikasını tanımadıqlarını irəli sürüb. Qəbələdə bu məsələ gündəlikdə deyildi. Əsas məsələ Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundan üzvlük statusuna keçidinin təmin olunmasıdır. Bu, gələcəyin işidir, ancaq Şimali Kipr Respublikasının Cümhurbaşqanının ümumi masa arxasında türk dövlətləri liderləri ilə oturmasının özü irəliyə doğru addımdır. Türkmənistanın da təşkilata marağı artıb. Rusiya mediası Qəbələ sammitindən bir neçə gün əvvəl Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovun toplantıda iştirak etməyəcəyini yazırdı. Rusiya mediasının yazdıqlarının əksəriyyəti yalan olduğu kimi, bu “proqnozları” da doğru çıxmadı. Əslində, Rusiya mediasının yazdıqları onu göstərib ki, Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır".