“Rusiya danışıqlar masasında daha güclü mövqedə olmaq üçün hərbi əməliyyatları genişləndirməyə davam edir”
2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi dörd ilə yaxın müddətdir ki, beynəlxalq təhlükəsizlik gündəmində önəmli mövzu olaraq qalır. Rusiya həmin tarixdə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verərək, paytaxt Kiyev də daxil olmaqla bir sıra iri şəhərləri raket zərbələrinə məruz qoydu. İlkin mərhələdə sürətli hərbi üstünlük əldə etmək və Kiyevi qısa müddətdə təzyiq altına almaq hədəflənsə də, gözlənilən nəticə əldə olunmadı. Münaqişə tədricən uzunmüddətli, yüksək intensivlikli müharibəyə çevrildi. Müharibə həm Rusiya, həm də Ukrayna üçün ağır humanitar və iqtisadi fəsadlar yaradıb. Dörd ilə yaxın müddət ərzində tərəflər arasında uzunmüddətli sülhün təmin olunması məqsədilə müxtəlif diplomatik təşəbbüslər irəli sürülsə də, bu cəhdlər real nəticə verməyib. Aparılan danışıqlar tərəflər arasında mövqelərin uzlaşmaması səbəbindən dalana dirənib. Son günlər isə müharibənin dayandırılması istiqamətində yeni siyasi dinamikanın formalaşdığı müşahidə olunur. “Axios” portalının yaydığı məlumata görə, Vaşinqton və Kiyev müharibənin dayandırılmasını nəzərdə tutan plan üzrə razılığa gəlib. Tərəflər Ukraynanın müharibədən sonrakı bərpası üçün 800 milyard dollar həcmində saziş imzalamağı da planlaşdırır. Məlumata görə, Ukrayna Trampın planının əsas müddəalarını qəbul etdikdən sonra Ağ Ev Rusiyadan rəsmi cavab tələb edib. Moskva isə, sülh təşəbbüslərinə müsbət cavab vermək əvəzinə, Ukraynaya qarşı hücumları davam etdirir. Ötən gün Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi növbəti zərbə nəticəsində 4 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Bununla paralel olaraq, Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəfə alan hücumları 500 mindən artıq istehlakçının elektrik təchizatının kəsilməsinə səbəb olub. Rusiyanın Ukraynaya aramsız hücumları şəraitində, Vaşinqton və Kiyev arasında əldə olunan razılaşmanın Moskva tərəfindən necə qarşılanacağı ciddi sual olaraq qalır.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın mövcud davranışı sülh prosesinə maraqlı olmadığını açıq şəkildə göstərir:

“Rəsmi Moskva ABŞ və Ukraynanın irəli sürdüyü təşəbbüsləri nəzərə almaq niyyətində deyil və müharibəni yalnız öz maraqları çərçivəsində başa çatdırmaq istəyir. Rusiya mümkün danışıqlar masasında daha güclü mövqedə olmaq üçün hərbi əməliyyatları genişləndirməyə və işğal etdiyi əraziləri artırmağa çalışır. Böyük ehtimal, Rusiyanın xüsusi xidmət orqanları, ABŞ və Ukrayna arasında aparılan danışıqların şərtləri barədə məlumatlıdır. Bu şərtlərin Moskvanın strateji maraqlarına uyğun gəlmədiyi qənaətinə gəlinib. Moskvanı qane etməyən əsas məqamlardan biri isə Ukraynanın gələcəkdə NATO-ya üzvlük perspektivi, eləcə də Rusiyanın işğal etdiyi bəzi ərazilərdən geri çəkilmə ehtimalıdır”.
Politoloqun qənaətinə görə, Rusiya müharibəni öz “oyun qaydaları” ilə davam etdirməkdə qərarlıdır:
“Açıq şəkildə görünür ki, Rusiya Amerika və Ukraynanın sülh təkliflərinə razı deyil. Moskva müharibəni yalnız öz maraqlarına uyğun şəkildə başa çatdırmaq istəyir və bu məqsədlə hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Rusiyanın Kiyevə qarşı aramsız hücumlarını nəzərə alsaq, ABŞ və Ukrayna arasında əldə olunan razılaşmanın Moskva tərəfindən qəbul edilib-edilməyəcəyi hələlik açıq sual olaraq qalır. Mövcud vəziyyət isə sülhün yaxın perspektivdə mümkün olmadığını göstərir”.
Aybəniz Səfərova