İqtisadçı xəbərdarlıq edir ki, tariflər aztəminatlıları çətin duruma salır
Elektrik enerjisi və təbii qaz təminatında yeni tarif mexanizmi tətbiq olunacaq. Tarif (qiymət) Şurasının qərarına əsasən, istehlak həcminin səviyyəsindən asılı olmayaraq abonentlər üçün aylıq sabit ödənişlər müəyyənləşdirilib.
Qərar infrastrukturun saxlanması və xidmət xərclərinin istehlakçılar arasında daha balanslı bölüşdürülməsi məqsədi daşıyır və beynəlxalq təcrübəyə uyğun olaraq formalaşdırılıb.
Yeni dəyişiklikləri şərh edən iqtisadçı Samir Əliyev "Sherg.az"a açıqlamasında bildirib ki, təbii qaz və elektrik enerjisi sərfiyyatına görə tətbiq edilən aylıq sabit tarifin xərc yükü əsasən aztəminatlı ailələrin üzərinə düşəcək və ağırlığı bu təbəqə daha çox hiss edəcək. Onun sözlərinə görə, sabit tarif mexanizmi əhalinin bu təbəqəsi üçün qaz və elektrik enerjisi sərfiyyatına görə faktiki olaraq yüksək tarifə bərabərdir:
"2025-ci ilin yanvarında təbii qaz üzrə illik istehlakı 1200 kubmetrə qədər olan hissə üçün tarif artırılaraq 12,5 qəpik müəyyənləşdirilib. Bu, ən aşağı tarifdir və məqsədi aztəminatlı ailələri yüksək qiymətdən qorumaqdır. Aşağı tarifli abunəçilər 1200 kubmetr qaz istehlakı üçün il ərzində 150 manat (1200 k.m. x 12,5 qəpik) ödəyir. 2026-cı ildə isə onlar növbəti dəfə tarif artımı olmasa 162 manat (150 AZN + 12 AZN) ödəməli olacaqlar. Bu halda abunəçinin istehlak etdiyi qazın 1 kubmetri ona 13,5 qəpiyə (162 AZN /1200 kubmetr) başa gələcək. Yəni, fakitiki olaraq əhalinin 48%-i üçün tarif 12,5 qəpikdən 13,5 qəpiyə yüksələcək. Tarif ən azı 8% artacaq. Ona görə ən azı ki, istehlak azaldıqca tarif daha da artır. Məsələn, 1000 kubmetr sərfiyyat üçün tarif 13,7 qəpiyə, 800 kubmetr qaz üçün isə 14 qəpiyə yüksəlir".
S. Əliyevin sözlərinə görə, analoji vəziyyət elektrik enerjisi istehlakında da yaranır: "Elektrik enerjisinin aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün tarif 8,4 qəpik müəyyən edilib. Bu tarifdən yararlanan abunəçilərin aylıq xərci 16,8 AZN-dən 17,8 AZN-ə yüksələcək. Deməli, əhalinin 65%-i üçün istehlak edilən elektrik enerjisinin 1 kVts-ı 8,4 qəpikdən 8,9 qəpiyə yüksələcək. Tarif artımı ən azı 6% olacaq. Aşağı istehlakda isə tarif daha yüksək olur. Məsələn, 150 kVts üçün 9,1 qəpik, 100 kVts üçün 9,4 qəpik.
Aşağı tarifdən tam olmasa da əsasən aztəminatlı ailələr istifadə edir. Çoxmərtəbəli binalarda yaşayan və istilik sisteminə qoşulmuş abunəçilər də aşağı tarif qrupuna daxil ola bilər. Ancaq razılaşaq ki, aşağı tarif daha çox imkanı az olan ailələr yararlanır. Necə adlandırılmasından asılı olmayaraq 2026-cı ildə əhalinin “qənaətcil” ailələr üçün qaz və elektrik enerjisi tarifləri müvafiq olaraq ən azı 8% və 6% artacaq. Tarif Şurası kommunal və digər xidmətlərinin qiymətini artıranda həmişə əhalinin əksər hissəsinin aşağı tarif qrupuna aid olduğunu əsas gətirərək artımların onlara cüzi təsir edəcəyini açıqlayır. Deməli, əhalinin 48%-i təbii qaz, 65%-i isə elektrik enerjisi istehlakına görə yüksək tarif ödəməli olacaq. Sabit tarif xərcini az hiss edənlər isə əhalinin imkanlı təbəqəsi olacaq".