- "Bu problem illərdir var, həll edilmir. İtlərin insanlara, uşaqlara hücum etməsi pis haldır"
Sahibsiz itlər, pişiklərə münasibətdə cəmiyyətimiz hələ də ortaq məxrəcə gəlməyib. Küçələrdə itləri, keçidlərdə, binaların girişində, marketlərin qapşısında isə əsasən pişikləri yemləyənlər bunu mərhəmət hissi ilə əlaqələndirir. Onların mərhəmətinin bəzən insanlara baha başa gəldiyini, küçə itlərinin yoldan ötənlərə hücum çəkməsini, quduzluğa tutulma ehtimalının artmasının ciddi sosial problem kimi qabardanlarsa sahibsiz heyvanlarla bağlı tədbir görülməli olduğu fikrindədir.
Qeyd edək ki, yoldan ötən qadınlara bir itin qəfil hücum etməsi videosu bu günlərdə sosial şəbəkədə yayılıb. Görüntüdən belə qənaətə gəlmək olur ki, it acdır və yoldan ötənlərin əlində paket görüb, əslində o paketə cumub, yəni yemək axtarır. Sahibsiz itlərin quduzluğa qarşı peyvənd edilməsi, yemlənməsi işi isə hələ də paytaxtda həllini tapmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi (Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi) sahibsiz itləri zərərsizləşdirməsi isə heyvansevərlərin narazılığna səbəb olur. Onları anlamaq mümkündür. Heyvanlar canlı təbiətin bir parçasıdır və onların da yaşamaq haqqı var. Amma, heyvanların yaşam haqqı insanların yaşayışı və sağlamlıq haqqı ilə harada kəsişir? Necə edilməlidir ki, canlılar bir-birini məhv etməsin, bir-birinə uyum saxlayaraq hər biri öz arealı çərçivəsində həyatına davam etsin?
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu problem illərdir var, həll edilmir:
- İtlərin insanlara, uşaqlara hücum etməsi pis haldır. Bu, olmamalıdır. Niyə belə vəziyyət yaranır, çünki sahibsiz heyvanlarla, küçə itləri ilə düzgün davranılmır. Paytaxtda nə qədər nəzarətsiz ərazilər var, zibilliklər, zibil poliqonları. Bu yerlər küçə itlərinin məskənidir. Onları peyvəndləmək, sterilizasiya etmək lazımdır. İtlər yemlənməlidir ki insanarlara hücum etməsinlər. Şəhərdə sanitar vəziyyət ideal olmalıdır. İnsanlar yem alır, küçədə, pilləkənlər üstündə tökürlər yerə, küçə heyvanlarını yemləməyə çalışırlar. Amma bu da düzgün deyil. Küçə heyvanları üçün xüsusi yerlər, qutular qoyulmalıdır. Bir neçə yerdə bu cür qutular qoyulub, var. Amma ümumi götürsək, çox az iş görülür, küçə heyvanları ilə bağlı. Bunun üçün güclü maliyyə vəsaiti ayrılmalıdır, bu istiqamətdə mühüm işlər görülməlidir. Sahibsiz heyvanlarla bağlı müvafiq qurum üzərinə düşən öhdəlikləri yerinə yetirmir, effektiv iş aparılmır. Heyvanların qidalanması işini rəsmi qurum həyata keçirməli olduğu halda, bu missiyanı daha çox könüllü heyvansevərlər öz üzərinə götürürlər, ona görə də belə xoşagəlməz mənzərə yaranır. Bəzi hallarda küçədə birkalı itlər görürük. Bu, onların peyvəndləndiyinə işarədir. Amma buna nə dərəcədə inanmaq olar, bilinmir. Fəaliyyət şəffaf həyata keçirilməli, icitmaiyyətə məlumat verilməlidir, harada nə qədər küçə iti peyvəndləndi, onlar hansı əraziyə buraxılıb, necə yemlənirlər. Bunlar bilinsə, əhali də rahat olar, təhıükəsiz olduğunu bilər.