"Buna görə təbii obyektlərin qorunması şəhərlərin gələcəyi üçün vacib hesab olunur"
WUF13 çərçivəsində Azərbaycan pavilyonunda “Plastik çirklənməsi ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva çıxşı zamanı bildirib ki, Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq. O qeyd edib ki, İqtisadiyyat Nazirliyi və Dünya Bankı arasında yeni layihələrin icrası planlaşdırılır: “2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olaraq Dünya Bankı ilə birgə həyata keçirilən Bakı qrant layihəsinin icrasını təmin etmişik. Layihənin əsas məqsədi şəhər idarəçiliyinin dəstəklənməsi, ictimai xidmətlərin inkişafı və yaşıl iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texnologiyaların tətbiqidir. Qrant layihəsi çərçivəsində növbəti mərhələdə Dünya Bankı ilə yeni layihələrin icrası planlaşdırılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün - Böyükşor, Zığ və Xocahəsən göllərinin təmizlənməsidir.”
Göllərin təmizlənməsi məsələsinə münasibət bildirən ekoloq-hidroloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təbii obyektlər, o cümlədən göllərin qorunması vacibdir: 
- Təbii obyektlər şəhərlərin ekoloji tarazlığında mühüm rol oynayır. Yaşıllıq zonaları havanı təmizləyir və karbon qazını azaldır, göllər isə şəhərlərdə iqlimi tənzimləyir, daşqınları bufer edir və su ehtiyatlarının qorunmasına kömək edir. Parklar və ağaclar istilik təsirini zəiflədir. Təbii obyektlər biomüxtəlifliyin qorunması üçün də vacibdir və müxtəlif canlı növləri üçün yaşayış mühiti yaradır. Onlar insanların istirahəti və sağlamlığı üçün də mühüm əhəmiyyət daşıyır. WUF13 çərçivəsində də dayanıqlı və yaşıl şəhərlərin inkişafı əsas mövzulardan biri kimi müzakirə olunur. İqlim dəyişmələri şəhərlərdə sel, istilik dalğaları və ekoloji problemlərin artmasına səbəb olur. Bu baxımdan şəhərlərdə göllərin və yaşıllıq zonalarının qorunması böyük əhəmiyyət daşıyır. Buna görə təbii obyektlərin qorunması şəhərlərin gələcəyi üçün vacib hesab olunur.