Asəf Quliyev: 65 yaş həddi ömürlük həbsə mane oldu, qanun pozulmayıb”
“Beynəlxalq tədbirlərin birində britaniyalı komando generalla tanış oldum; Endryu Salamon. Maraqlı bir əhvalat danışdı. Dedi ki, ömür boyu İrland separatçılarına qarşı vuruşub, amma vaxt gəldi, o separatçıların kraliça ilə görüşü zamanı təhlükəsizliklərinin qorunmasını ona tapşırıblar. “O zaman mən bir vaxt mənə güllə atanları qorumalıydım”, dedi, təəssüflə. Olur belə hallar”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Jurnalistlərə Hüquqi və texniki Yardım İctimai Birlyinin sədri, tədqiqatçı jurnalist, əslən Qarabağdan olan Asəf Quliyev deyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir. Təqsirləndirilən şəxslərə çıxarılan hökmün Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Hər nə qədər humanist olsaq da, xalqımıza qarşı soyqırım həyat keçirmiş, dövlətimizin konstitusion quruluşuna qarşı çoxsaylı cinayətlərdə təqsirləndirilən separatçılar ən ağır cəzanı haqq etsələr də, qanunun tələbinə görə həmin cəzaya məhkum edilməmələri təəssüf doğurur. Xatırladaq ki, təqsirləndirilənlərdən Arkadi Qukasyan və Bako Saakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslərin 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan və Bako Saakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Bundan əlavə, təqsirləndirilən Madat Babayanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Hökmə əsasən təqsirləndirilən M.Babayan qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayana isə ömürlük cəzaya məhkum edilib.
A.Quliyev “Sherg.az”a bildirdi ki xalqımızın məhkəmə hökmünə birmənalı yanaşmaması başadüşüləndir, lakin:
- Məncə, verilən xəbərlərdə bunun niyəsi açıq-aydın göstərilib. Azərbaycan qanunvericiliyinə görə, yaşı 65-dən yuxarı olanların cinayətləri ömürlük həbs cəzası tələb etsə də onlara 20 il cəza verilməsi nəzərdə tutulur. Aparılan məhkəmə prosesi Azərbaycan qanunları və beynəlxalq hüquq normalarının bütün tələblərinə cavab verdiyi üçün bu məsələdə də qanunvericiliyin tələbləri əsas götürülüb. Həbs olunanların şəxsiyyəti, milliyyəti qüvvədə olan qanunların pozulmasına əsas ola bilməz.