Etik normalara zidd davranışlara 1000 manata qədər cərimə və həbs yolu açılır
Prezidentin yeni qanunu gənclərin dünyagörüşünü qorumağa yönəlib
Son zamanlar özünü “fenomen” adlandıraraq, əxlaqsız davranışları təbliğ edən şəxslərlə tez-tez qarşılaşırıq. Bu vəziyyət, xüsusilə sosial media istifadəçilərinin əksəriyyətinin azyaşlı olması səbəbindən narahatlıq yaradır. Bəzi istifadəçilər konkret olaraq “TikTok bağlansın” və “özbaşınalığa son verilsin” kimi çağırışlar edirdilər. Lakin “dirnaqarası” fenomenlərə görə sosial şəbəkələrin tam bağlanması doğru yanaşma deyil. Sosial platformalar, düzgün və məsuliyyətli istifadə olunduqda, istifadəçilərin dünyagörüşünü genişləndirmək və digər ölkələrdən gələn informasiya axınını yüksək səviyyədə çatdırmaq imkanına malikdir. Bir sözlə, problemin kökü platformalar deyil, istifadəçilərin məsuliyyətsiz davranışlarıdır. Bu kontekstdə Prezident İlham Əliyev ötən gün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliyə əsasən, sosial platformalarda əxlaqsız ifadələrin səsləndirilməsi, yaxud bədənin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi qadağan olunub.
Mövzu ilə əlaqədar Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Sherg.az-a bildirib ki, dövlətin bu sahədə hüquqi çərçivəni dəqiqləşdirməsi ictimai maraqların qorunması baxımından vacibdir:
“Azərbaycanda əhalinin 65 faizdən çoxu sosial şəbəkə istifadəçisidir. Bu cür geniş auditoriyaya malik platformalarda söyüş, təhqir, əxlaqsız ifadələr və etik normalara zidd məzmunun yayılması ciddi narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdəki paylaşımlar yalnız fərdi davranış deyil, eyni zamanda, cəmiyyətin mənəvi mühitinə, xüsusilə gənclərin və yetkinlik yaşına çatmayanların dünyagörüşünə mənfi təsir göstərir. Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna etdiyi dəyişikliklər Azərbaycanda rəqəmsal mühitin hüquqi tənzimlənməsi üçün mühüm addım hesab oluna bilər. Qanunla sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai mənəviyyatın təhqiri və milli-mənəvi dəyərlərə zidd davranışlar qadağan olunur ki, bu da müasir informasiya çağırışlarına adekvat cavabdır”.
M.Ələsgərlinin sözlərinə görə, Prezident tərəfindən təsdiqlənən son dəyişikliklər qanun pozuntularının qarşısını almağa xidmət edəcək:
“Qanunvericiliyin əvvəlki variantlarında etik və mənəvi normalara zidd paylaşımlara görə məsuliyyət müxtəlif qanunlarda pərakəndə şəkildə nəzərdə tutulmuşdu. Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-cü maddəsi bu prinsipləri ümumiləşdirilmiş şəkildə ehtiva edirdi, lakin praktik tətbiq üçün digər normativ aktlara istinad zərurəti yaranırdı. Bu isə sıravi istifadəçilər üçün anlaşılan deyildi. Hüquqi boşluqlar kütləvi qanun pozuntularına yol açırdı. Prezident tərəfindən təsdiqlənən son dəyişikliklər bu boşluğu aradan qaldırır. Artıq “ictimai mənəviyyata və milli-mənəvi dəyərlərə zidd” və “cəmiyyətə açıq hörmətsizlik” anlayışları konkret hüquqi nəticələr doğuran kateqoriyalar kimi müəyyənləşdirilib”.
Ekspertin qənaətinə əsasən, yeni hüquqi çərçivə sosial şəbəkə istifadəçilərini daha məsuliyyətli davranışa sövq edəcək:
“Qeyd edək ki, 2025-ci ilin noyabr və dekabr aylarında Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Sosial şəbəkələrdə söyüş, təhqir, əxlaqsız jestlər və bədən hissələrinin etik normalara zidd nümayişinə görə 500-1000 manat cərimə və ya 30 günədək inzibati həbs tətbiq olunması nəzərdə tutulur. Daha yüngül halların isə “xırda xuliqanlıq” kimi qiymətləndirilməsi və 50-100 manat cərimə və ya 15 günədək inzibati həbs ilə cəzalandırılması təklif edilib. Bu dəyişikliklərin əsas üstünlüyü ondan ibarətdir ki, internet mühiti “boz zona” statusundan çıxaraq real hüquqi məsuliyyət məkanına çevrilir. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişiklikləri sağlam informasiya mühitinin formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Yeni hüquqi çərçivə sosial şəbəkə istifadəçilərini daha məsuliyyətli davranışa sövq edərək, ictimai münasibətlərdə etik sərhədlərin möhkəmlənməsinə töhfə verəcək”.
Aybəniz Səfərova