“Taksi kimi, indi də onlayn bazarı bahalaşdırırlar” - Hökumətə sərt ittiham

“Çox güman, iri məmurlar hansısa məclisdə görüşüb söhbət edəndə deyirlər ki, belə olmaz, alverimiz ölüb"

“Azərbaycanda elektron ticarətin genişlənməsi ilə gömrük sahəsində hüquqpozmaların sayı da artır”.

Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.

Ötən il 36,4 mindən çox gömrük hüquqpozması qeydə alındığını xatırladan G. Muradlı qeyd edib ki, gömrük orqanları ilə əlaqədar yaranan, məhkəmələrdə qeydiyyata alınmış işlərin sayında artım onu göstərir ki, müəyyən şəxslər çalışırlar ki, dövlətin ödənişlərindən yayınsınlar və yaxud digər hüquqpozmaları həyata keçirsinlər. Gömrük rəsmisinin sözlərinə görə, ötən il Azərbaycanda 73 mindən çox hüquqi və fiziki şəxs 180 ölkə ilə xarici ticarət əməliyyatları həyata keçirib: "10 mindən çox adda mal idxal-ixrac olunub, milyonlarla sərnişinin, nəqliyyat vasitəsinin gömrük sərhədindən keçirilməsinə xidmət göstərilib".

“Sherg.az” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli onlayn ticarətə tətbiq olunan yeni məhdudiyyət və tariflərin əsas məqsədinin istehlakçı hüquqlarını qorumaqdan çox, ənənəvi mağazaları rəqabətdən müdafiə etmək olduğunu bildirib. 

N. Cəfərli qeyd edib ki, hökumət taksi xidmətinə çoxsaylı müdaxilələrlə, tənzimləmə qaydaları gətirməklə qiymətləri artırdı: “Taksi xidməti devalvasiyadan sonra qiyməti ucuzlaşan yeganə sahə idi, çünki, rəqabət vardı. İndi də online ticarətin üzərinə getmək istəyirlər, xaricdən sifarişlərin artmasından, insanların daha ucuz və keyfiyyətli malları internet üzərindən almağa öyrəndiyindən narahatdılar.

Nədir bu hüquqpozma? Kimin hüquqları pozulur? 21-ci əsrdə yaşayırıq, online sifarişlər, elektron ticarət dövrüdür, indi Siz kimin mənafeyini qoruyursunuz - əhalinin, ya şəhərin mərkəzindəki ənənəvi ticarətlə məşğul olan, əsasən də məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?! 

Ənənəvi ticarət online ticarətə dünyanın hər yerində uduzur – bu normaldır, belə də olmalıdır. Əhali razı, sifarişlər şəffaf, burada hüquqpozma halları necə olur?! Camaat təzə öyrənib, cibinə qənaət edib əyninə ucuz paltar alır, niyə bunu da çox görmək istəyirsiniz ki?! Müdaxilə və tənzimləməyə əsas yaradırlar, istəyirlər ki, online sifarişlərin də qiyməti qalxsın ki, ənənəvi dükanlar ayaqda qalsın”. 

İqtisadçının fikrincə, ənənəvi ticarət özü yeni qaydalara keçməli, rəqabətli mühitdə fəaliyyət göstərməyi öyrənməlidir: “Çox güman, iri məmurlar hansısa məclisdə görüşüb söhbət edəndə deyirlər ki, belə olmaz, alverimiz ölüb, mərkəzdə-mərkəzə yaxın yerlərdə obyektlərimiz boşalır, mağazalar bağlanır, nə icarədən qazana bilirik, nə satışdan – gəlin bu online ticarətə qarşı bir tədbirlər görək. Belə olmasaydı, son bir ildə internet üzərindən sifarişlərin çatdırılma və digər xərcləri artmaz, qiymətlər bahalaşmazdı, xaricdən sifarişlərə qiymət (həcm) məhdudiyyətləri qoyulmazdı. 

Bu sahədə qiyməti qaldıran nə istehsalçıdır, nə də mal çatdıran – qiymət Azərbaycanda tədbiq edilən tariflərə, sərtləşdirilən tənzimləmə qaydalarına görə qalxır...”.