“Yəqin ki, belə böyük ordu saxlamağa ehtiyac qalmayacaq”
“Bu təhlillərin nəticəsində atılan addımlar ordumuzun daha qüdrətli və çevik olmasına xidmət edəcək"
Əsrlər boyu işğalçı ermənilərin və havadarlarının aramsız hücumlarına məruz qalan ölkəmiz bu gün də mənfur düşmənə qarşı savaşmaqda davam edir. Məhz buna görə də uzun illərdir, Azərbaycanda güclü bir ordu formalaşıb. Əlbəttə, müzəffər Ordumuzun daha da inkişafı və qüdrətlənməsi üçün lazımi addımlar atılmaqdadır. 44 günlük Vətən savaşında məlum oldu ki, bizim Xüsusi Təyinatlı Qüvvələrə (XTQ), çevik orduya çox ehtiyacımız var. Elə İkinci Qarabağ müharibəsində də ən öndə gedənlər kəşfiyyat və xüsusi təyinatlılardan ibarət qruplar idi.
Hətta düşmən də etiraf edir ki, müharibədə Azərbaycan xüsusi təyinatlıları qalib gəldi. Bu mənada tədqiqatçı və tarixçi Taleh Cəfərov maraqlı bir təkliflə çıxş edib. O qeyd edib:
“200 yüz minlik ordu saxlamaqdansa 50 minlik xüsusi təyinatlı, mobil, çevik ordunun yaradılması haqqında düşünməliyik. Onu yetişdirə bilsək, 50 minlik mobil ordumuz düşmənin 300 min ordusunu bir anın içərisində məhv etmiş olar. Biz buna getməliyik. Son dərəcə mobil, çevik orduya keçməliyik.O zaman ordunun yükü də azalar, əlavə xərclərdən azad olar”.
Təklifi şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov sözügedən məsələ ilə bağlı "Sherg.az"a bildirib ki, odu yalnız xüsusi təyinatlılardan ibarət deyil. Xüsusi təyinatlı qüvvələr yalnız özlərinə məxsus xüsusi tapşırıqları yerinə yetirirlər:
“Həmçinin, ordu digər ixtisasçılardan da ibarət olmalıdır. Ordunun tankçısı, topçusu, rabitəçisi, o cümlədən, hava hücumundan müdafiə qüvvələri və digər ixtisasçıları olmalıdır. Dövləti xarici qüvvələrdən qorumaq üçün, eləcə də ərazi bütövlüyünü təmin etmək üçün ordu yaradılır. Bu ordu yaxın dövlətləri və düşməni nəzərə alaraq qurulur.
Düşünürəm ki, gələcəkdə bizdə yəqin ki, belə böyük ordu saxlamağa ehtiyac qalmayacaq.
Çünki biz indiyə qədər təmas xəttində idik. Və o təmas xəttini keçib torpaqlarımızı azad etmək üçün ən azından düşməndən 3-4 qat böyük və güclü orduya ehtiyacımız var idi. Buna görə də Azərbaycan ordusu məhz bu baxımdan təşkil olunmuşdu.
Nəticədə isə gördük ki, bu, düzgün yanaşma idi və Azərbaycan ordusu qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirə bildi. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin düzgün siyasəti və diplomatiyası, eləcə də cənab prezidentin dediyi kimi, əsgərlərimizin qəhrəmanlığı nəticəsində düşmən çox qısa müddətə- 44 günə diz çökdü və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Bundan sonra düşünmürəm ki, orduda olan strukturlar bu formada qalacaq. Hər bir müharibə böyük bir təhlil sahəsidir. Əlbəttə ki, biz də müəyyən təhlillər aparacağıq. Ərazi, düşmən və onun imkanlarını nəzərə alınaraq gələcəkdə müəyyən islahatlar həyata keçiriləcək. Təhlillərə əsasən Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün hansı qüvvələr, hansı tərkibdə lazım olacaqsa, elə də ordu qurulacaq. Bu ordunun neçə mindən ibarət olacağı heç kəsə məlum deyil”.
Ekspert diqqətə çatdırıb ki, bu müharibədə xüsusi təyinatlıların peşəkarlığını hamı gördü:
“Onlar öz məharətlərini döyüş meydanında göstərdilər. Azərbaycan xüsusi təyinatlılarının döyüş bacarıqları gələcəkdə ordumuzda geniş istifadə olunacaq.
Yəni müharibə yeni bitib və biz hələ indilərdə təhlillərə başlayırıq. Düşünürəm ki, böyük imkanlarımız, təhlil bazamız olacaq. Bu təhlillərin nəticəsində atılan addımlar ordumuzun gələcəkdə daha da gücləndirməyə, onu daha qüdrətli etməyə, çevik olmağa və verilən tapşırığı anında yerinə yetirməyə xidmət edəcək".
Ağarza Elçinoğlu