Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.
Sherg.az Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Kürdəmir rayonunun sakinləri Cəmalə İsmayılova və Yaşar Rəşidov yazırlar: “Möhtərəm cənab Prezident, biz Kürdəmir rayonunda çalışan bütün müəllimlərin adından öncə təhsilə göstərdiyiniz qayğıya, həmçinin koronavirus pandemiyasına qarşı görülən tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. Təhsil işçiləri daim Sizi dəstəkləyib və dəstəkləyəcəklər. Hörmətli Prezident, dünyada qlobal problemə çevrilmiş pandemiya ilə əlaqədar xalqımızın sağlamlığının qorunması üçün zamanında verdiyiniz düzgün qərarlar, uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində ölkəmiz bu bəlada böyük itkilər vermədi. Bu addımların nəticəsi olaraq virusun ölkəmizdə sürətlə yayılmasının qarşısı alınır. Həmçinin dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir. Həmişə olduğu kimi, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır. Xalqımıza olan diqqət və qayğınız üçün Sizə minnətdarıq”.