“Telefona baxaraq yemək yeyən uşaqlar... Valideynlər bilməlidir ki, o yeməyi uşaq yox, telefon "yeyir". Həkim-pediatr sosial şəbəkədə etdiyi paylaşımda belə yazıb. Bu, günümüzdə uşaqlarla bağlı ən aktual problemlərdən biridir.
Təkcə yemək yeyərkən deyil, gün ərzində də bəzi valideynlər uşağın başını yalnız telefonla qatırlar. Metroda, avtobusda qucağındakı körpənin gözünün önünə smartfon tutan analara tez-tez rast gəlinir. Evdə də uşaq səs salmasın, sakit əyləşsin deyə, smartfonu onun ən yaxın dostuna çevirirlər. Telefonda nəsə izləyərək yemək yemək niyə ziyanlıdır və bu vərdişdən qurtulmaq mümkündürmü?
Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında bildirib ki, hər şey valideyndən asılıdır. Valideyn istəsə və buna səy göstərsə, uşağın ən yaxın dostu özü ola bilər. Əks halda telefon və planşet bu dostluqda onu geridə qoyacaq:
"Yemək zamanı diqqətin yayınması, yəni diqqətin eyni vaxtda bir neçə istiqamətə yönəlməsi — istər telefon, istər televizor, kompüter, yaxud başqa bir vasitə olsun — beynin doyma siqnallarını vaxtında qəbul etməsinə mane olur. Diqqət yayınırsa, deməli, beynin fəaliyyəti də pozulur, nəticədə həzm prosesi və doyma hissi normal şəkildə formalaşmır. Beyin eyni vaxtda həm qidanı, həm də ekrandakı məlumatı tam mənimsəyə bilmir. Nəticədə insan, istər uşaq, istərsə də böyük olsun, doyduğunu gec anlayır, ehtiyacından artıq qida qəbul edir və əlavə kalori toplayır. Bu isə artıq çəki probleminə səbəb ola bilər. Smartfonu nahar zamanı masanın üzərində saxlamaq da təhlükəlidir. Çünki onun səthi gündəlik istifadə zamanı çoxlu sayda mikroorqanizm toplayır. Yemək yeyərkən eyni əllə telefona toxunmaq bağırsaq infeksiyalarına yoluxma riskini artırır. Diqqət telefonda olduğundan insanlar qidanın dadını da lazımi şəkildə hiss etmirlər, çeynəmə prosesi avtomatikləşir, nə yediklərini fərq etmədən çeynəyirlər və yeməkdən həzz ala bilmirlər. Bu da mədənin qidanı düzgün həzm etməsinə mane olur. Bundan əlavə, hərəkətsiz qaldıqları üçün maddələr mübadiləsi də pozulur".
Həkim qeyd edib ki, uşaqlarda bu vərdişin qarşısını almaq üçün onlara təzyiq göstərmək faydasızdır. Bunun əvəzinə uşağın diqqətini yeməyə yönəldəcək üsullardan istifadə edilməlidir:
"Uşaqlar böyüklərdə nə görürlərsə, onu da təkrarlayırlar. Əgər ata və ya ana yemək zamanı gözünü telefondan ayırmırsa, uşaq da onu təqlid edəcək. Ona görə də əsas məsələ valideynin davranışıdır. Valideyn yemək zamanı uşaqla söhbət etməli, ona maraqlı əhvalatlar danışmalıdır. Bu söhbətlər yeməklə, oyuncaqlarla, gəzinti ilə və ya uşağın maraq dairəsinə uyğun digər mövzularla bağlı ola bilər. Maraqlı bir mövzu tapıb uşaqla söhbət etmək lazımdır. Hətta uşağı həvəsləndirmək də olar ki, yeməyini bitirdikdən sonra ona telefona baxmağa icazə veriləcək. Analar bu məsələdə daha diqqətli və həssas olmalıdırlar. Uşağa onun üçün hansı yeməyin hazırlandığını, bu yeməyin çox dadlı və sevdiyi yeməklərdən biri olduğunu söyləmək onda maraq oyadar və o, yeməyini daha həvəslə yeyər".