Televiziya və media dilimizi qorumalıdır: Ziyalılar da məsuliyyət daşıyır

"Televiziyalarda əcaib ifadələr gedir. Aparıcıların dilə hədsiz dərəcədə biganə, laqeyd münasibəti insanı hiddətləndirir". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib. "Dilimizi nə günə salırıq. Belə münasibət olar?!", - deyə deputat bildirib.

Sherg.az xəbər verir ki, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova dilimizin saflığının qorunmasında çap və elektron medianın, o cümlədən televiziyaların öhdəsinə böyük məsuliyyət düşdüyünü deyib. “Prezident İlham Əliyevin dilçilikdən açıq dərsi” məqaləsində M.Hüseynova qeyd edir ki, cənab Prezident cəmiyyətin hər bir üzvünün daşıdığı məsuliyyət hissi məsələsinə ümumi formada yox, konkret ünvanlarla fərd və qruplara müraciət etməklə toxundu:

“Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”. 

Professor qeyd edir ki, bu fikrində də Azərbaycan Respublikasının Prezidenti dilin saflığının qorunması üçün ayrı-ayrı elm və peşə sahiblərinin məsuliyyətini xatırlatmaqda haqlıdır: 

- İlk növbədə, televiziya sahəsində çalışan jurnalistlərə çağırış edən ölkəmizin Lideri daha sonra ziyalılara, o cümlədən şair və yazıçılara üz tutur, onları dilimizin saflığının qorunmasında biganəlik göstərməməyə dəvət edir. Bunlarla bərabər, çap və elektron medianın dilin saflığının qorunmasında ikili rol oynadığı xatırladıldı. Təbii ki, ya elektron, yaxud çap mediası jarqonları populyarlaşdırmaqla dili zəiflədə bilər, ya da nümunə mətnlərdə standartlar müəyyən etməklə xüsusilə gənclərimizin leksikasında düzəlməz fəsadlarla iz buraxa bilər. Elektron media auditoriyasının verdiyi imkanlar hesabına sürətli rəy yaratmaq və yaxud daha geniş əhatə dairəsinə malik olmaqla, dilimizdə əsrlərcə formalaşan fonetik və ya şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə əsaslı zərbələr vura bilər. Bunu nəzərdə tutan Prezident hamımızı xalqımızın varlığı ərzində yaratdığı söz xəzinəsinə həssas münasibətə çağırır. Bu, daha çox onunla bağlıdır ki, İlham Əliyev qloballaşmaqda davam edərək balacalaşan dünyanın hansı hədəflərə can atdığını əvvəlcədən görən azsaylı siyasətçilərdən biridir.