Tacikistan İran aviaşirkətləri üçün hava məkanını bağlayıb.
Sherg.az xəbər verir ki, qərar Tehran-Düşənbə reysini həyata keçirən “Varesh Airlines” təyyarəsini uçuş zamanı geri qayıtmağa məcbur edib. Tacikistanın uçuş icazəsini ləğv etməsindən sonra təyyarə Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanına qayıdıb.
Bununla da Tacikistan İran aviaşirkətlərinə qarşı məhdudiyyət tətbiq edən ölkələr sırasına qoşulub. Bundan əvvəl Azərbaycan və Gürcüstan da ABŞ-ın İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar fonunda İran aviaşirkətlərinin uçuşlarını dayandırıb.
ABŞ-ın İranın aviasiya sektoruna qarşı sanksiyalarını genişləndirməsi Tehranın sərt reaksiyasına səbəb olub. Yeni məhdudiyyətlər çərçivəsində xarici hava limanları və xidmət şirkətlərinə İran təyyarələrinə yanacaq doldurmaq, yerüstü xidmət göstərmək və həmin reyslərə bilet satmaq qadağan edilir. Bu tələbləri pozan tərəflərin ikinci dərəcəli sanksiyalarla və dollar sisteminə çıxışdan məhrum edilməklə üzləşə biləcəyi bildirilir.
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzai isə qonşu ölkələrə xəbərdarlıq edib. O bildirib ki, həmin ölkələr ABŞ sanksiyalarını əsas gətirərək İran təyyarələrini qəbul etməyi dayandırsalar, onların hava limanlarının fəaliyyətini pozmaqla bağlı addımlar atıla bilər.
Beləliklə, İran aviasiya sektoruna qarşı tətbiq edilən məhdudiyyətlər beynəlxalq uçuşlara da təsir göstərməyə başlayıb.