"Turizmin inkişafı quru sərhədlərin açılmasına bağlıdır...” - Natiq Cəfərli

Prezident İlham Əliyev dünənki müsahibəsində qeyd etdi ki, 2019-cu ildə Azərbaycanda turizmlə bağlı ciddi artım olmuşdu – doğrudur, son illərin ən böyük turizm rəqəmləri, həm sayla, həm də gəlirlə bağlı məhz quru sərhədlərin açıq olduğu 2019-cu ildə qeydə alınmışdı.

Sherg.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli sosial media paylaşımında qeyd edib. 

İqtisadçı xatırladıb ki, Prezident çıxışında turizm potensialından, hava limanlarının ötürücülük qabiliyyətinin artırılmasından, ölkəyə daha çox “low-cost” şirkətlərinin cəlb ediləcəyəndən də danışıb: “Bütün bunlar doğru istiqamətlərdir, doğrudan da, turizmin böyük potensialı, iqtisadiyyatda multiplikativ effekti var, öz arxasınca 10-11 sahəni də inkişaf etdirir. Amma, elə 2019-cu il misalı da sübut edir ki, quru sərhədləri bağlı olan ölkədə turizm inkişaf edə bilmir, edə bilməz də, deməli, heç olmasa 2019-cu il rəqəmlərinə çatmaq, turizmi inkişaf etdirmək üçün quru sərhədlər mütləq açılmalıdır, tək hava nəqliyyatı ilə turizmi inkişaf etdirmək mümkün deyil. 

Azərbaycan öz coğrafi mövqeyini turizmdə də istəfadə etməli, qatarla, avtomobillə, avtobuslarla regional turların təşkilində mərkəzə çevrilməlidir. İstənilən Mərkəzi Asiya ölkəsinin vətəndaşı Bakıda qatara minib İstanbula, daha sonra isə Avropaya qatar turu ilə gedə bilsə, bu ölkə turizmində böyük inkişafa, regional turların Bakı mərkəzli satışının artmasına səbəb olacaq. Bir sözlə, turizmin inkişafı quru sərhədlərin açılmasına bağlıdır...”.