Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert

  • “Müharibədən yorulan tərəflər üçün bu, göydəndüşmə fürsətdir”
  • “Türkiyəsiz sülh mümkün deyil, Ankara əsas vasitəçi olmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında müharibənin başa çatdırılması istiqamətində diplomatik səylərin davam etdirildiyini açıqlayıb. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə sülh danışıqlarının əhəmiyyətini müzakirə etdiklərini, növbəti mərhələdə isə Rusiya Prezidenti Vladimir Putinlə də təmas qurmaq istədiklərini bildirib. Ərdoğanın İstanbulda Rusiya, Ukrayna və Türkiyə liderlərinin mümkün üçtərəfli görüşü ilə bağlı açıqlamaları fonunda Ankaranın vasitəçilik rolu və belə bir görüşün müharibənin dayandırılması prosesinə mümkün təsiri müzakirə olunur. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, məsələyə üç aspektdən yanaşmaq lazımdır:

“Türkiyə həm Moskva, həm də Kiyevlə danışır. Həmçinin İstanbulda əsirlərin mübadiləsi və taxıl dəhlizinin yaradılmasında əsas təşəbbüskarlardan biri olub. Yeri gəlmişkən, Türkiyə danışıqlarda vasitəçi olmalıdır. Başqa tərəflərə də baxaq. Türkiyə digər tərəflər üçün nə ifadə edir? Türkiyə bu çıxılmaz vəziyyətdə əsas vasitəçidir. Yəni Türkiyəsiz heç bir nəticə əldə olunmamalıdır. Bu arada, Türkiyə Qara dəniz ölkəsidir. Qara dənizdə baş verən müharibənin başa çatmasında maraqlıdır. Düşünürəm ki, xüsusilə Rusiya üçün də Türkiyə açar ölkədir. Ukraynaya gəldikdə, 2022-ci ilin əvvəlində Zelenskiyə atəşkəs təklif edildi. Atəşkəs, bəlkə də, görüşdən əvvəl müzakirə edilməlidir. Ərazi məsələlərinin danışıqlar masasının müzakirə mövzusu olması da vacibdir. Bundan əlavə, 2022-ci ildəki görüşlərdə Böyük Britaniyanın baş naziri prosesi pozdu və Qara dənizlə bağlı məsələdə də problem yarandı. Bu dəfə həmin faktorun nə dərəcədə təsirli olacağı sual altındadır”.

Ekspert qeyd edib ki, ortada Rusiya üçün bu nə dərəcədə mümkün olacaq məsələsi var: 

“Çünki Moskva Zelenski ilə görüşə həmişə iki şərt irəli sürüb: görüşlərin aşağı səviyyədə keçirilməsi və konkret sənədin imzalanması. Yəni müzakirələri yüksək vəzifəli şəxslər aparmasın. Belə bir görüşün müharibəni bitirəcəyinə inanmaq çətindir, amma bu, müsbət dinamika yarada və ortaq nöqtələrin əldə olunmasına imkan verə bilər. Çünki İstanbul danışıqlarından dörd il keçib və məncə, bu müddət tərəflər üçün bir qədər itirilmiş illər olub. Bu, müharibədən yorulmuş Avropa və Ukrayna, eləcə də tükənmiş Rusiya üçün sanki göydəndüşmə fürsətdir. Yəni bu, haradasa yeni bir başlanğıc verir”.