Regionda gərginlik yenidən yüksəlir
““Üçlük ittifaqı”na qarşı Türkiyənin cavabı var. Ankara xəbərdarlıq edib ki, Yunanıstan tərəfindən hər hansı təhdid qəti şəkildə zərərsizləşdiriləcək”
İsrail üçtərəfli sammitə ev sahibliyi edib. Görüşdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Sammitin əsas müzakirə mövzusu şərqi Aralıq dənizində hərbi fəaliyyətini artırdığı bildirilən Türkiyənin "müdafiəsi və qarşısının alınması" məsələsi olub. İsrail, Yunanıstan və Kipr liderləri həmçinin yüksək səviyyədə "tez reaksiya qüvvələrinin" birgə yaradılması təşəbbüsünü müzakirə ediblər. Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib ki, Ankara son dövrdə İsrail, Yunanıstan və Cənubi Kiprin fəaliyyətlərini, keçirdikləri üçtərəfli zirvədən sonra verilən açıqlamaları və zirvədə qəbul olunan qərarları diqqətlə izləyir: "Müzakirə olunan təşəbbüsün hərbi baxımdan Türkiyəyə qarşı təhdid yaratması müzakirə mövzusu deyil. Türkiyə bölgədə sabitliyin qorunması və dialoq mühitinin davam etdirilməsi üzrə qərarlılığını qoruyur. İsrailin Türkiyəyə yönəlmiş açıqlamaları və bölgədə gərginliyi artırmaq potensialı olan bəyanatları yerdəki reallıq və beynəlxalq hüquq baxımından heç bir təsirə malik deyil. Ölkəmiz NATO müttəfiqliyi prinsipləri əsasında Egey və Şərqi Aralıq dənizində konstruktiv dialoqu dəstəkləyir, amma (Yunanıstan tərəfindən) müttəfiqliyə zidd addımların yerdəki vəziyyəti dəyişdirə bilməyəcəyi də bilinməlidir". Aktürk əlavə edib ki, Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyi və hüquqları ilə bağlı mövqeyi açıq və dəyişməzdir: "Türkiyə qarant statusu çərçivəsində ona verilmiş səlahiyyətlərdən indiyə qədər geri çəkilmədiyi kimi, bundan sonra da geri çəkilməyəcək. Nəticə olaraq, Egey və Şərqi Aralıq dənizində gərginliyi artıran tərəf Türkiyə deyil, birtərəfli addımlar və “oldu-bitdi” vəziyyəti yaratmağa yönəlmiş yanaşmalardır. Türkiyə bölgənin münaqişə zonasına çevrilməsindən yox, əməkdaşlıq və sabitlik bölgəsi kimi formalaşmasından yanadır".
Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri Zeynal Fətullayev Sherg.az-a deyib ki, Türkiyə regionda geosiyasi təsirini gücləndirmək üçün maksimum səylər göstərir. Ekspert vurğulayıb ki, Ankara əsas diqqəti Suriyaya, eləcə də Qəzzada beynəlxalq qüvvələrdə iştiraka yönəldib: "Bundan başqa, Türkiyə hakimiyyəti Liviyanın iki ayrı hökuməti ilə danışıqlar apararaq dəniz sazişi imzalamağa çalışır. Bu saziş Türkiyəyə Aralıq dənizinin şimal və şərq hissəsində dəniz məkanına nəzarət edən əsas gücə çevrilmək imkanı verə bilər. Türkiyənin regiondakı bu addımları yəhudi dövləti tərəfindən son dərəcə mənfi qarşılanır və məhz buna cavab olaraq İsrail Türkiyəyə qarşı regional alyans formalaşdırmağa başlayıb. Bu, açıqdan-açığa Yunanıstan və İsrailin Türkiyəyə qarşı yönələn əməkdaşlığıdır, Cənubi Kipr burda sadəcə say artırır. Bu alyansın yaradılmasında məqsədlərindən biri də Türkiyəyə mesaj vermək idi: İsrail passiv mövqedə qalmır və regionda güc balansını dəyişdirmək cəhdlərinə qarşı duracaq. Eyni zamanda Yunanıstan İsraillə mövcud strateji münasibətlərini daha yüksək səviyyəli hərbi əməkdaşlıq mərhələsinə daşımağı hədəfləyir. Yunanıstanın yüksək rütbəli hərbi rəsmiləri və analitikləri İsrail tərəfindən də müsbət qarşılanan, Təl-Əvivə ehtiyac duyduğu strateji dərinliyi qazandıran, Afinaya isə Türkiyə mənbəli revizionist çağırışlara qarşı əlavə təhlükəsizlik qalxanı təmin etməyi nəzərdə tutan daha sıx hərbi əməkdaşlıq planları üzərində çalışırlar".
Analitik qeyd edib ki, artıq bu ittifaqa qarşı Türkiyənin cavabı var: "Ankara bu addımı kəskin şəkildə tənqid edib və Türkiyə rəsmiləri xəbərdarlıq ediblər ki, Yunanıstan tərəfindən hər hansı təhdid qəti şəkildə zərərsizləşdiriləcək. Vəziyyət gərginləşərsə, İsrail Yunanıstana hərbi dəstək verərsə, Azərbaycanın səssiz qalması Türkiyə ilə münasibətlərə zərər vura bilər. Etiraz edərsə, İsrail narazı düşər və yenilənmiş müdafiə sistemləri və ya müşahidə texnologiyalarını Azərbaycana satmaqdan imtina edər. Üstəlik, Azərbaycanı beynəlxalq platformalarda dəstəkləyən yəhudi lobbisi də dəstəyini geri çəkə bilər. Azərbaycan belə təhlükəli ssenarinin reallaşmasını istəmir. Ancaq Azərbaycanın istəyindən asılı olmayaraq, üçlü ittifaq İsraillə Türkiyə arasında gərginliyi artıracaq".