Uşaqları sosial şəbəkədən qoparmayın, onları qorumağın yolu var - Ekspert RƏYİ

"Əsas məqsəd uşağı tamamilə rəqəmsal dünyadan qoparmaq deyil, onun psixologiyasının sosial şəbəkələrin "mənfi təsirlərinə" qarşı immunitet qazanana qədər qorumaqdır"

ABŞ-də Meta, YouTube, TikTok və Snapchat gənc istifadəçiləri bilərəkdən asılılığa sürükləməkdə ittiham olunur. Sherg.az xəbər verir ki, Los-Anceles məhkəməsində baxılan iddiada sosial medianın uşaqların və yeniyetmələrin psixi sağlamlığına təsiri araşdırılır. İttihamçı tərəf platformaların qumarxanalara bənzər asılılıq yaradan dizaynlardan istifadə etdiyini bildirir. İş üzrə Meta rəhbəri Mark Zukerberq də daxil olmaqla yüksəkvəzifəli menecerlərin şahid qismində dindirilməsi gözlənilir. Məhkəmə davası ABŞ üzrə oxşar iddialar üçün presedent sayıla bilər. 

Son illərdə sosial media, axtarış, paylaşım platformalarında təqdim edilən məzmunlar arasında zərərlilərin olması danılmazdır. Xüsusən də bu cür platformalara daxil olub vaxt keçirən uşaqlar, yeniytmələrin mənfi təsirlərə məruz qaldığı baş verən faciəvi, kriminal hadisələrlə təsdiqlənir. Belə vəziyyət uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması zərurətini artırır. Amma bu, necə ediləcək, hansı üsulla, hansı yolla? 

İnformasiya-kommunikasiya məsələləri üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, uşaqların sosial şəbəkələrdən istifadəsi üçün ideal yaş həddi həm psixoloji inkişaf, həm də beynəlxalq hüquqi standartlar baxımından minimum 13 yaş hesab olunur. Lakin müasir tendensiyalar, xüsusilə Avstraliya kimi ölkələrin son qərarları bu həddin 16 yaşa qaldırılmasının daha effektiv olduğunu göstərir: - Bunun əsas sosioloji səbəbi odur ki, 16 yaşa qədər uşaqların prefrontal korteksi (qərarvermə və nəticələri dərketmə mərkəzi) hələ tam formalaşmadığı üçün onlar alqoritmik manipulyasiyalara, kiberbulinqə və dopamin asılılığına qarşı daha müdafiəsiz olurlar.

Qadağanın effektivliyi yalnız yaşla deyil, həm də mərhələli keçidlə təmin edilməlidir: 13 yaşa qədər tam məhdudiyyət, 13-16 yaş arası isə valideyn nəzarəti altında (məsələn, "Family Pairing" rejimi ilə) məhdud istifadə tövsiyə olunur. Çünki kəskin və izah olunmayan qadağalar çox vaxt uşaqların gizli yollarla (saxta yaş göstərməklə və ya VPN vasitəsilə) daha təhlükəli platformalara üz tutmasına səbəb olur. Əsas məqsəd uşağı tamamilə rəqəmsal dünyadan qoparmaq deyil, onun psixologiyasının sosial şəbəkələrin "mənfi təsirlərinə" qarşı immunitet qazanana qədər (təxminən 16 yaş) onu qorumaqdır.