Uşaq və yeniyetmələrdə zorakılıq davranışı qəfil deyil, uzunmüddətli inkişaf prosesinin nəticəsi kimi formalaşır. Ailə münasibətləri, travmalar, məktəbdə zorakılıq və rəqəmsal məzmunlar bu davranışa təsir edən əsas risk amilləridir.
Sherg.az xəbər verir ki, uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis, dosent Özlem Həkim valideynləri uşaqların davranışındakı dəyişikliklərə diqqətlə yanaşmağa çağırıb.
Onun sözlərinə görə, uşağın tez-tez zorakılıqdan danışması, özünə və ya ətrafındakılara zərər verməyə meyil göstərməsi, silah və kəsici alətlərlə maraqlanması ciddi xəbərdarlıq əlamətləridir.
Mütəxəssis bildirib ki, valideynlər uşaqların dostlarını və müəllimlərini tanımalı, onların rəqəmsal mühitdə izlədiyi məzmunlardan xəbərdar olmalı və davranış dəyişikliklərini diqqətdən kənarda qoymamalıdırlar.
Özlem Həkim vurğulayıb ki, zorakılığın qarşısının alınmasında ailə, məktəb və psixi sağlamlıq mütəxəssislərinin birgə fəaliyyəti vacibdir. Uşaqları damğalamaq əvəzinə, onların ehtiyaclarını müəyyənləşdirmək və vaxtında yardım göstərmək lazımdır.
O, həmçinin ailələrə evdə silah və kəsici-deşici alətləri uşaqların əli çatmayan, kilidli yerlərdə saxlamağı, zorakılıq məzmunlu oyunlara isə nəzarət etməyi tövsiyə edib.