Vensin regiona səfəri Vaşinqton razılaşmasının məntiqi davamıdır - ŞƏRH

"Bi ziyarət həm də ABŞ-nin və Trampın xarici siyasət gündəliyində Azərbaycanın mühüm yer tutduğunu göstərir”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və xanımının Cənubi Qafqaza səfəri başlayıb. Səfər çərçivəsində ötən gün vitse-prezident ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə tərəflər regional proseslər ətrafında fikir mübadiləsi aparıblar. ABŞ rəsmisinin fevralın 10-11 tarixlərində, Azərbaycana səfəri gözlənilir. ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, vitse-prezidentin Cənubi Qafqaza səfəri, Vaşinqtonun region ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə, eləcə də sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyinin növbəti təsdiqidir.

Mövzu ilə əlaqədar, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Vensin gəlişindən öncə, Prezident İlham Əliyev, ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşüb:

“Ötən ilin bu günlərində Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti “Avropa özünün yaratdığı böhranla üz-üzədir” bəyanatı ilə diqqət çəkmişdi. Bu günlərdə isə onun Cənubi Qafqaza rəsmi səfəri başlayıb. ABŞ Prezidenti Donald Tramp səfərin məqsədlərini özünün “Truth” sosial şəbəkəsində qısa şəkildə açıqlayıb. Azərbaycanla hərbi və təhlükəsizlik sahəsində irəliləyişlərin əldə olunması, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılacaq”. 

Deputatın sözlərinə görə, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı üç əsas istiqaməti əhatə edir: 

“Bunlara, enerji, ticarət və tranziti də daxil edən regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun yer aldığı iqtisadi sərmayələr, müdafiə sahəsində satışlar, eləcə də terrorizmə qarşı mübarizəni özündə birləşdirən təhlükəsizlik əməkdaşlığı daxildir. Yaradılması nəzərdə tutulan Strateji İşçi Qrupu isə regional nəqliyyat infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, eləcə də süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək”. 

P. Vəliyeva ABŞ sərmayələrinin ölkəmizə cəlb olunması ilə Vaşinqtonun regionda iqtisadi fəallığının artdığını qeyd edib:

“Səfər proqramının əsas gündəm mövzularından biri də TRİPP marşrutunun tam işlək vəziyyətə gətirilməsi üzrə növbəti addımların müzakirəsi olacaq. Yanvarın 14-də Ağ Evdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında imzalanmış TRİPP İcra Çərçivəsi sənədi, bu məsələlərə mühüm aydınlıq gətirmişdi. Sənəddə Vaşinqton razılaşmalarına istinadən, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə maneəsiz bağlantısının təmin edilməsi təsbit olunub. TRİPP Şərq-Qərb istiqamətində əsas nəqliyyat və logistika arteriyasına çevrilmək potensialına malikdir”. 

Deputat, TRİPP layihəsinin investisiya və ticarət mərkəzi kimi formalaşdırılmasının hədəfləndiyini bildirib:

“ABŞ coğrafi baxımdan regiondan uzaq olsa da, müasir dövrdə ticarət və bağlantılar anlayışı bu məsafəni aradan qaldırır. Artıq virtual və rəqəmsal bağlantılar da mühüm rol oynayır. TRİPP çərçivə sənədində qeyd edildiyi kimi, Zəngəzur dəhlizi vasitəsilə xammal, kritik minerallar və nadir metallar Amerika bazarlarına çıxarılacaq. TRİPP yalnız Azərbaycan və ya Ermənistan üçün nəzərdə tutulan layihə deyil, beynəlxalq xarakter daşıyır. Marşrutdan Çindən Avropaya, hətta ABŞ-a qədər uzanan geniş coğrafiyada yerləşən ölkələr faydalanacaq”. 

P. Vəliyeva, vitse-prezidentin regiona səfərini Vaşinqton razılaşmalarının məntiqi davamı kimi dəyərləndirib:

“ABŞ lideri dövlət başçımızın həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, onu uzaqgörən lider kimi xarakterizə edir. Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə şəxsən dəvət olunması, eləcə də Sülh Şurasına təsisçi ölkə qismində çağırılması, ABŞ-Azərbaycan münasibətlərində etimad və tərəfdaşlığın yüksək səviyyədə olduğunu göstərir. Nəticə etibarilə, bu səfər ABŞ-nin regionumuzdakı proseslərdə daha fəal rol almağa hazır olduğunu və D. Trampın xarici siyasət gündəliyində Azərbaycanın mühüm yer tutduğunu göstərir”.

Aybəniz Səfərova