Rayon icra hakimiyyətlərində aparılan struktur dəyişikliklərinin bəzi məmurları hədsiz narahat etməsi bir yana, işdən çıxarılmış məmurların indi də bələdiyyələrdə işlə təmin edilməsi prosesi başalyıb. Və bu proses məhz icra başçılarının təzyiqi ilə həyata keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli məlumat verib. Birlik sədri qeyd edib ki, rayon icra hakimiyyətlərində ixtisar düşmüş məmurların zorla, təzyiq gücünə bələdiyyələrdə işlə təmin edilməsi yolverilməzdir: 
- RİH-lərində başlanan struktur dəyişiklikləri bəzilərini qane etmir. Bu azmış kimi bələdiyyələr üzərində hökmranlıqlarını saxlamağa çalışan RİH başçıları işdən çıxarılmış əməkdaşlarını bələdiyyələrdə yerləşdirməyə çalışır. Bu, bələdiyyələri daimi təzyiq altında saxlamaq niyyətidir. İşdən çıxarılmış məmurların indi də bələdiyyədə məcburi şəkildə işlə təmin edilməsi ciddi məsələdir. Ədliyyə Nazirliyindən xahiş edirəm, müvafiq qurumlar bu məsələni diqqətdə saxlasınlar. Çünki işə götürülən məmurların heç biri bələdiyyənin inzibati binasında deyil, məhz RİH -də oturub siyasi rəhbərin tapşırıqlarını yerinə yetirəcəklər. Yəni yeni işlə təmin olunacaq "bələdiyyə qulluquçusu"nun bələdiyyəyə heç bir faydası olmayacaq. Belə olan halda niyə bələdiyyədən əməkhaqqı alıb bələdiyyənin "boğazına" şərik olmalıdır. Belə çörəyi yemək istəyənlərə ayıb olsun.